Ötən il ərzində Suraxanıda aidiyyəti idarələr tərəfindən 2213 ailəyə ünvanlı sosial yardım, 2653 ailəyə sosial müavinət təyin edilib, Rayon Məşğulluq Mərkəzi 1078 nəfəri işlə təmin edib
Son illər ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət təkcə müvafiq nazirliyin deyil, müxtəlif icra strukturlarının da üzərinə yeni vəziyələr qoyur.
Bu səbəbdən də bütün yerli icra hakimiyyəti orqanlarında sosial-iqtisadi siyasətə uyğun olaraq, müxtəlif tədbirlər həyata keçirilir. Bu yöndə paytaxtın rayonlarında gerçəkləşdirilən sosial yönümlü tədbirləri xüsusi vurğulamaq olar. Bu cür rayonlardan biri də Suraxanı rayonudur. Ölkə başçısının tələblərinə əsasən "Suraxanı rayonunda 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və 2017-ci ildə qarşıda duran vəzifələr haqqında yığıncağında da görülən işlərin hesabatı verilib.İcra hakimiyyətindən «Unikal»a verilən məlumata görə, ötən dövr ərzində ölkə başçısının prioritet elan etdiyi sosial siyasət bütün istiqamətlər üzrə reallaşdırılıb. Belə ki, rayon ərazisində infrastrukturun yenilənməsi, işsizliyin aradan qaldırılması, sosial qayğıya etiyacı olan sakinlərin problemlərinin həlli yönündə müxtəlif tədbirlər həyata keçirilib.
Suraxanıda dövlət tərəfindən sosial qayğıya ehtiyacı olan insanların sosial rifahının yüksəldilməsi, onların müalicəsi, reabilitasiyası, sosial təminatı istiqamətində mühüm addımlar atılır. Əlillər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuşlar. Suraxanı rayonunda da əlillərin qarşılaşdıqları məişət problemlərinin həlli və maddi-rifah hallarının yaxşılaşdırılması yönündə mütəmadi olaraq zəruri tədbirlər həyata kecirilir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən son illər həyata keçirilən sosial layihələr sayəsində əlillərin sosial müdafiəsi ilə bağlı mühüm irəliləyişlər əldə edilib. Fondun əlilliyi olan şəxslərlə bağlı fəaliyyətinin əsas istiqamətləri onların müalicəsi və təhsil hüquqlarının reallaşdırılmasıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü, diqqət və qayğısı sayəsində bir çox əlil evləri əsaslı təmir olunub, müasir standartlara tam uyğun olan yeni bərpa mərkəzləri yaradılıb. Suraxanı rayonu da bu qayğıdan kənarda qalmayıb. Heydər Əliyev Fondu Suraxanı rayonunda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzi inşa edərək ən müasir avadanlıqlarla təchiz edib. Bu gün Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar uğurla reabilitasiya kursu keçirlər.
Yeni iş yerləri açılır-¦
İH-dən verilən məlumata görə, son illərdə dövlət başçısı tərəfindən ardıcıl və sistemli şəkildə aparılan məqsədyönlü və düşünülmüş islahatlar, atılan bütün addımlar, ölkəmizin bütün regionlarında, o cümlədən Suraxanı rayonunda da hər bir sahədə böyük uğurların əldə olunmasına, iqtisadiyyatın dinamik surətdə inkişafına, insanların rifahının günü-gündən yaxşılaşmasına, sabitliyin möhkəmlənməsinə, yoxsulluğun azaldılmasına, işsizliyin aradan qaldırılmasına xidmət edib: «Onu da nəzərə çatdıraq ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 6-sı icra olunmuş, 19-nun icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 46,3 faizini təşkil edib. 2016-cı il ərzində Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 257,2 milyon manat, tikinti-quraşdırma işləri 60,5 milyon manat, nəqliyyat xidmətləri 5,1 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 36,8 milyon manat, kənd təsərrüfatı 3,6 milyon manat, pərakəndə ticarət dövriyyəsi 391,8 milyon manat olmuş, orta aylıq əmək haqqı 555,2 manat təşkil etmiş, əhaliyə 196,7 milyon manat məbləğində ödənişli xidmətlər göstərilmiş, 4619 yeni daimi iş yeri açılıb. 2014-2016-cı illər ərzində rayonda müxtəlif sahələrə aid 21 obyekt istifadəyə verilmiş, 8 obyekt əsaslı təmir olunmuş, 5 obyektin tikintisi davam etdirilmiş, 3 obyekt yenidən qurulmuş, 1 obyektin təməli qoyulmuş, 2 obyekt cari təmir olunmuş, 2 obyektdə cari təmir işləri davam etdirilir».Bundan əlavə, Dövlət Proqramının icrası nəticəsində 1 tam orta məktəb üçün yeni bina, 3 orta məktəb üçün əlavə tədris korpusu, 2 orta məktəb üçün idman və akt zalları, 1 orta məktəb üçün yeməkxana tikilmiş, 5 tam orta məktəb, 3 uşaq bağçası əsaslı təmir olunub. Rayonun küçələrinə və məhəllədaxili ərazilərə 594,0 min kv.m. asfalt örtüyü salınmışdır. 2016-cı il ərzində rayonun mənzil-kommunal birlikləri tərəfindən binaların 22,9 min kv.m. dam örtüyü şüşəli ruberoidlə və metal şifer ilə təmir edilmiş, 133 ədəd giriş qapısı, 689 ədəd pəncərə təmir edilmiş, 316 p.m. tüstü bacası təmizlənmiş, 3790 metr çirkab su xətti, 1068 metr içməli su xətti təmir olunmuş, binalarda yağış sularının axıdılması üçün 333 p.m. xətt təmir edilmiş, 166 ədəd müxtəlif tutumlu yeni məişət tullantıları konteynerləri quraşdırılıb.
Pulsuz müayinə
Müsbət tədbirlərdən biri də odur ki, ölkədə vətəndaşların pulsuz tibbi müayinə və müalicəsi də önəmli məsələ kimi qoyulur. Xüsusən də ehtiyacı olan vətəndaşlara tibbi yardım göstərilməsi təqdir olunmalıdır. İH-dən verilən məlumata görə, Prezidentin tapşırıq və tövsiyəsi əsasında 15 fevral-15 may tarixlərdə 172,8 min nəfər rayon sakini və 139 kollektiv, yəni nəzərdə tutulanların 86,2%-i pulsuz tibbi müayinədən keçmiş, müayinə zamanı müxtəlif xəstəliklər aşkarlanmış vətəndaşlar müalicəyə cəlb edilib.Artıq bu il də fevralın 15-dən bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrasına başlanılıb. Ötən il ilk dəfə olaraq "Xəzər Qayğıkeşlik Layihəsi Humanitar İctimai Birliyi ilə birgə rayonda yaşayan şəhid, aztəminatlı, imkansız ailələrdən, məskunlaşmış məcburi köçkünlərdən bir qisminə "Azərcellin təqdim etdiyi xüsusi avadanlıqlarla təchiz olunmuş Mobil Göz klinikasında pulsuz oftalmoloji xidmət göstərilmişdir. "İşığlı Həyat" layihəsi 2017-ci ildə də davam etdirilir. "ASAN xidmətin müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobusun vasitəsilə Suraxanı rayonunda 2016-cı ilin yanvar-mart aylarında Əmircan, Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində 4305 nəfər vətəndaşa səyyar formada xidmət göstərilmişdır.
Sosial problemlər və operativ həll yolu
Onu da nəzərə çatdıraq ki, ötən dövr ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılıb. 2016-cı ildə Rayon İcra Hakimiyyəti başçısının 2655 nəfərin iştirakı ilə 44 səyyar səyyar görüş-qəbul keçirilmiş, səyyar görüş-qəbullarda qaldırılmış 30 məsələdən 11-i müsbət həll edilmiş, 8-nə müvafiq izah verilmiş, 11-nin icrası Dövlət və yerli proqramlarda nəzərdə tutulduğu haqqında sakinlərə məlumat verilmişdir. Vətəndaşlar RİH başçısı tərəfindən hər həftənin bazar ertəsi günü saat 14-00-dan etibarən məhdudiyyətsiz qəbul edilmiş, 2016-cı ildə RİHB tərəfindən 591 nəfər vətəndaş qəbul edilib.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılmış, 2016-cı il ərzində rayonun aidiyyəti idarələri tərəfindən 2213 ailəyə ünvanlı sosial yardım, 2653 ailəyə sosial müavinət təyin edilmiş, Rayon Məşğulluq Mərkəzi 1078 nəfəri işlə təmin edib. Rayon əhalisinin 55,4 min nəfərini 14-29 yaşda olan gənclər təşkil edir (əhalinin 26%-i). 2016-cı ildə Dövlət Gənclər Siyasətinin həyata keçirilməsi ilə bağlı 71 tədbir keçirilib ki, ümumilikdə bu tədbirlərin rayon mərhələsində 14340 uşaq, yeniyetmə və gənc iştirak etmiş, Dövlət İdman Siyasətinin həyata keçirilməsi ilə bağlı 82 tədbir keçirilibr ki, ümumilikdə bu tədbirlərdə 15230 idmançı iştirak edib.
Göründüyü kimi, icra hakimiyyəti rəhbərliyi Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunmuş iqtisadi inkişaf hədəflərinin təmin olunmasını, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaqlarını, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərlərinə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bəyan edirlər. Bütün bunlar göstərir ki, yerli icra hakimiyyəti orqanları Prezidentin tapşırıqlarına əsasən sosail qayğıya ehtiyacı olan vətəndaşlarla yanaşı, digər sakinlərin də problemlərinin həllini ön planda saxlayırlar. Bu da ölkədəki sosial siyasətin əhatə dairəsinin günü-gündən genişləndiyini göstərir.
Z.MƏMMƏDLİ
--------
Özünüməşğulluq proqramı aztəminatlı ailələri iş-güc sahibi edəcək...
Sahib Məmmədov deyir ki, ayrılan yardım həmin aztəminatlı ailənin gələcəkdə qazanc əldə etməsi üçün xərclənmədiyindən, ailə kasıblıqdan çıxa bilmir
Azərbaycanda əhalinin aztəminatlı hissəsinin məşğulluğunun təmini, yoxsulluq səviyyəsinin aradan qaldırılması istiqamətində proqramlar həyata keçirilir. Hazırda aztəminatlı ailələrin ən çox köməyinə çatan ünvanlı dövlət sosial yardımıdır. Hər ay müəyyən məbləğdə yardım alan ailələr bununla öz ehtiyaclarının müəyyən qismini qarşılamağa müvəffəq olurlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, yola saldığımız il orta hesabla 165352 ailə, 692044 nəfər ailə üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Bu isə 2016-cı ildən əvvəlki illə müqayisədə 53,26 faiz çox aztəminatlı ailənin dövlət sosial təminat sistemi ilə əhatə olunduğunu təsdiq edir. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, həmçinin ötən il ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 151,70 manat, başqa sözlə ailə üzvünə görə 36,12 manat olub. Statistik rəqəmlər göstərir ki, əhalinin ünvanlı yardım üçün müraciətləri mütəmadi qəbul olunur.
Nazirlikdən bildirdilər ki, "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi e-xidməti, Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) istifadəyə verildiyi vaxtdan "Elektron Hökumət portalında əhalinin ən çox faydalandığı e-xidmətlərdən biridir. 2016-cı il fevral ayında "Elektron hökumət portalına inteqrasiya edilən həmin e-xidmətdən cari ilin 01 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edilib. Rəqəmlər də VEMTAS sistemi ilə əhalinin ünvanlı yardım üçün müraciətlərinin davam etdiyini və qəbul edildiyini göstərir. Yaxın gələcəkdə isə, ünvanlı yardım sistemi saxlanılmaqla özünüməşğulluq proqramını işə salaraq aztəminatlı ailələrin yaşayış səviyyəsinin və məşğulluğunun təmini nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, nazirlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 103 ailəyə fərdi təsərrüfatlarını qurmaları üçün aktivlər olan mal və materiallar alınıb verilib. Bu sahədə ilk tədbir cəbhə bölgəsində yerləşən Tərtər rayonunda həyata keçirilib və həmin rayonda 11 aztəminatlı ailə biznes imkanlarına yiyələnmələri üçün mal və materiallarla təmin edilib. Həmçinin Laçın rayonu üzrə 12, Hacıqabul rayonu üzrə 8, Ağcabədi rayonu üzrə 10, Beyləqan rayonu üzrə 14, Xocavənd rayonu üzrə 10, Qəbələ rayonu üzrə 9, İsmayıllı rayonu üzrə 13, Göyçay rayonu üzrə 11, Ağsu rayonu üzrə 5 ailənin özünüməşğulluq fəaliyyətinin təşkili üçün aktivlərlə təminatı həyata keçirilib. Hazırda proqrama uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin rayon və şəhərlərində ailələrə fərdi təsərrüfatlarını qurmaları üçün mal və materialların alınıb verilməsi işləri davam etdirilir: "Dövlət başçısının qeyd olunan Sərəncamı əsasında icra olunan özünüməşğulluq proqramı ailələrin fərdi təsərrüfatlarını, fərdi bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Proqramın icrası işləri çərçivəsində 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işaxtaran və işsiz kimi qeydiyyatda olan və özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər arasından proqramda iştirak imkanları olanlar seçilərək iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların hazırladıqları biznes-planların qiymətləndirilməsi prosesi keçirilib. Qiymətləndirmədə onlardan 80 faizinin biznes planları uğurlu hesab edilib və ailə təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin olunmalarına başlanılıb.Xatırladaq ki, özünüməşğulluq proqramı çərçivəsində təqribən 1500 ailəyə fərdi təsərrüfatlarının yaradılması üçün mal və materiallar verilməsi, beləliklə, ailə bizneslərinin qurulması yolu ilə onların əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, sosial yardımın passiv tədbir olduğu dəfələrlə müzakirə predmetinə çevrilib. Nazirlikdən bildirdilər ki, təhlillərə görə, sosial yardım alan ailələrin məşğulluq imkanları mövcuddur: "2016-cı ilin məlumatına görə, ölkəmizdə ünvanlı dövlət sosial yardımı alan ailələrin 70%-i Bakıdan kənarda yaşayan ailələrdir ki, onların da 75%-i torpaq pay mülkiyyətinə malikdir. Digər tərəfdən, sosial yardım alan ailələrin üzvlərinin təxminən yarısı 18 yaşından yuxarı olanlardır. Belə ailələrin özünüməşğulluğunun təmin edilməsi üçün aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları ölkədə işsizlik səviyyəsinin daha da azalmasına, əlavə iş yerlərinin yaradılmasına, ailə gəlirlərinin artırılmasına, əhalinin aztəminatlı qruplarının yoxsulluqdan çıxmasına və digər əhəmiyyətli nəticələrə imkan yarada bilər. Ona görə də biz nazirlik olaraq aztəminatlı ailələrlə bağlı aktiv sosial müdafiə tədbirlərinə daha üstünlük veririk.
Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, son illərdə özünüməşğulluğun təmin edilməsi sahəsində icra olunan bu layihə bir qrup əlilliyi olan şəxsin öz bizneslərini yaratmaları üçün uğurla nəticələnib. Həmin insanlar müəyyən edilən istiqamətlər üzrə öz bizneslərini yaradaraq fəaliyyətlərini davam etdirməklə yanaşı, onların genişləndirilməsinə də nail olublar. Hazırda dünyanın bir çox ölkələrində əksər qlobal məsələlərdə, o cümlədən sosial müdafiə sistemlərinin formalaşması proseslərində ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyi müşahidə olunur. Qeyd edək ki, "Dövlət başçısının "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında 7 aprel 2016-cı il tarixli Sərəncamı aztəminatlı ailələrin aktiv əmək bazarı tədbirlərinə cəlb olunmasına əsaslı təminat yaradıb. Sərəncamın icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Qaydaları hazırlanaraq nazirliyin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilib.
Ekspertlər də hesab edir ki, özünüməşğulluq proqramı aztəminatlı ailələrin kasıblıqdan çıxması üçün nəzərdə tutulan proqramdır. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, ünvanlı yardım alan ailə bunu gündəlik ehtiyacı üçün xərcləyir: "Ayrılan yardım həmin aztəminatlı ailənin gələcəkdə qazanc əldə etməsi üçün xərclənmədiyindən, ailə kasıblıqdan çıxa bilmir. Eyni zamanda əmək vərdişlərini getdikcə itirir. Amma bu layihə imkan verir ki, ailə dövlət dəstəyi sayəsində öz zəhməti hesabına kasıblıq həddindən çıxsın. Eyni zamanda gələcəkdə dövlətdən yardım almadan dolana bilsin. Bu proqram vətəndaşın məşğulluq problemini də həll edir. Yəni, insan əvvəl evində oturub işləmədən 150-170 manat yardım alırdısa, bu gün dövlət dəstəyi ilə öz bisnesini qurur. Öz işi olur, öz gəlirini tədricən artırmaq imkanı əldə edir. Həm işləyir, həm də işləyərək yardım almadan öz dolanışığını təmin edir. Sözsüz ki, bu proqram ünvanlı yardım ilə paralel şəkildə davam etdirilərsə, getdikcə səmərə verdikcə istənilən və gözlənilən nəticəyə çatmaq olar.S.Məmmədov deyir ki, hazırda ünvanlı yardım alan elə ailələr var ki, onların işləmək potensialı var. Yəni, əmək qabiliyyətli insanlardır. Bu cür ailələr dövlət dəstəyi sayəsində özünüməşğulluq proqramına cəlb edilməklə öz bizneslərini qura bilərlər: " Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Nazir də qeyd edib ki, Aztəminatlı ailələrin özünüməşğulluğunun təşkili, onların dövlətin dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını formalaşdıraraq inkişaf etdirə bilmələri üçün daha əlverişli şərait yaradılması üçün bütün müvafiq işlər görüləcək.
Mələk Eyvazlı