Daxili İşlər Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasında cinayətlərin vahid uçotunun aparılması qaydaları haqqında Təlimat"ı təsdiq edib.
Unikal.org-un məlumatına görə, Təlimatda qeyd edilib ki, ayrı-ayrı regionlar, eləcə də bütövlükdə respublika üzrə cinayətkarlığın vəziyyətini xarakterizə edən statistik hesabatların tamlığı və dürüstlüyü bu uçotun düzgün aparılmasından asılıdır.
Cinayətlərin və onları törətmiş şəxslərin vahid uçot sistemi cinayət işləri başlandıqdan, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarının nəticələrinə dair yekun protokol təsdiq olunduqdan, bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallar və ya icraatına xitam verilən sadələşdirilmiş icraat materialları üzrə müvafiq qərar qəbul edildikdən sonra respublikada törədilmiş və ya hazırlanan cinayətlərin mərkəzləşdirilmiş qaydada uçota alınmasını, cinayət işlərinin hərəkəti və ibtidai araşdırmanın nəticələri barədə məlumatların, eləcə də həmin cinayətləri törətmiş şəxslərin qeydə alınmasını, habelə işin məhkəmə baxışının nəticələrinə görə bu göstəricilərin sonrakı dəyişikliklərini nəzərdə tutur. Bu Təlimat prokurorluq, polis, ədliyyə, vergilər, fövqəladə hallar, dövlət gömrük orqanları, dövlət sərhəd və dövlət təhlükəsizliyi xidmətləri üçün nəzərdə tutulur. Bu orqanların icraatında olan törədilmiş və ya hazırlanan cinayətlər barədə toplanmış materiallar və cinayət işləri üzrə cinayətlərin vahid uçotu Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi (DİN BƏSİİ) tərəfindən aparılır. Hərbi prokurorluq orqanlarında istintaq edilən cinayətlərin uçotu bilavasitə onların özləri tərəfindən aparılır. Uçot işi aşkar edilmiş cinayətlərə, onları törətmiş şəxslərə və cinayət təqibi üzrə qəbul edilmiş qərarlara dair tərtib edilən statistik kartoçkaların, habelə işə məhkəmə baxışının nəticələri haqqında olan arayışların və ya hökmlərin (qərarların) surətlərinin müvafiq statistika aparatlarına təqdim edilməsi əsasında həyata keçirilir.
Cinayət işlərinin, törədilmiş cinayətlərin və onları törətmiş şəxslərin qeydiyyatını, habelə cinayətkarlığın vəziyyətinə dair statistik hesabatların tərtib edilməsini aidiyyəti üzrə Daxili İşlər Nazirliyi və Hərbi Prokurorluq həyata keçirirlər. Xüsusi ittiham qaydasında şikayət üzrə işlərin qeydiyyatı məhkəmələr tərəfindən həyata keçirilir. Belə şikayətlər üzrə cinayət işinin başlanması və ibtidai araşdırmanın aparılması zərurəti müəyyən edildikdə, materiallar məhkəmə tərəfindən müvafiq ərazi və ya hərbi prokurorluq orqanlarına göndərilir. Daxil olmuş materiallar əsasında başlanmış cinayət işi qeydiyyata alınır. Cinayət işləri, bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsinə dair materiallar, yaxud cinayət təqibinə xitam verilməsinə dair işlər, eləcə də məhkəməyədək sadələşdirilmiş icraat materialları, cinayətlər və onları törətmiş şəxslər barədə olan statistik kartoçkalar iş üzrə müvafiq qərar qəbul edildikdən dərhal sonra doldurulur. Müstəntiq (təhqiqatçı) tərəfindən doldurulmuş və imzalanmış kartoçkalar müvafiq rayon prokuroru və ya onun müavini, hərbi prokuror və ya onun müavini, yuxarı prokurorluq orqanlarında isə müvafiq istintaq idarə və şöbələrinin rəhbərləri tərəfindən imzalanır. Bu məqsədlə müstəntiqlər (təhqiqatçılar) kartoçkaları doldurduqdan və imzaladıqdan sonra onları cinayət işi (material) ilə birlikdə müvafiq prokurora təqdim edirlər. Prokurorlar uçot sənədlərini imzalayarkən oradakı məlumatların cinayət işinə (materiallara) uyğunluğunu diqqətlə yoxlayır, cinayət əlaməti olmayan əməllərin uçota alınmasına yol vermir, habelə cinayətlərin tövsifi, onların açılması üzrə məlumatların təhrif edilməsinin qarşısını alır, cinayət işi üzrə müəyyən edilmiş hər bir fakta dair statistik kartoçkaların tərtib edilməsini təmin edirlər. Statistik kartoçkalar prokuror tərəfindən imzalandıqdan sonra müstəntiq və təhqiqatçı tərəfindən dərhal müvafiq polis orqanının və hərbi prokurorluğun uçot-qeydiyyat və statistika işləri üzrə əməkdaşına (bundan sonra - uçot əməkdaşı) təhvil verilir. Hərbi prokurorluq orqanlarının, eləcə də Ədliyyə, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin müstəntiqlərinin (təhqiqatçılarının) icraatlarında olan işlər üzrə tərtib edilmiş uçot sənədləri yalnız müvafiq prokurorlar tərəfindən imzalanır. İstintaq aidiyyətindən asılı olaraq "Cinayətlərin və onları törətmiş şəxslərin vahid qeydiyyat jurnalı (bundan sonra - qeydiyyat jurnalı; Təlimata 8 nömrəli əlavə) prokurorluq və polis orqanları üzrə şəhər, rayon və nəqliyyatda polis orqanlarında, habelə Hərbi Prokurorluqda, Ədliyyə, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin müvafiq aparatlarında aparılır.
Statistik kartoçkalar qeydiyyat jurnalında əks etdirildikdən sonra, mərkəzləşdirilmiş qeydiyyata alınması üçün 24 saatdan gec olmayaraq məktubla aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikası DİN, Bakı şəhər Baş Polis İdarəsinin ƏSİİ və Nəqliyyatda Baş Polis İdarəsinin ƏSİB-in statistika aparatlarına və ya bilavasitə DİN BƏSİİ-yə göndərilir. Hərbi prokurorluq orqanlarının qeydiyyat jurnalında əks etdirilmiş uçot sənədləri Hərbi Prokurorluğa göndərilir. Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin əməkdaşları tərəfindən başlanmış cinayət işlərinə dair uçot sənədləri qeydiyyata alınması üçün məktubla bilavasitə DİN BƏSİİ-yə göndərilir. DİN BƏSİİ və Baş polis idarələrinin müvafiq statistika aparatlarında istintaq və təhqiqat orqanları tərəfindən təqdim edilən statistik kartoçkalara, cinayət işlərinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının, bəraətverici əsaslar olmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul edilmiş qərarlar üzrə icraatın və cinayət törətmiş şəxslərin qeydiyyatına dair məlumatların toplanması elektron qaydada aparılır. Cinayət təqibinə xitam verilməsi, yaxud cinayətin tövsifinin dəyişməsi barədə daxil olmuş məlumatlar həmin hesabat dövründə qeydiyyata alınmış cinayətlərin, cinayəti törətmiş şəxslərin və cinayət işlərinin uçotunda müvafiq dəyişikliklərin aparılması üçün əsas verir.
Yeni Təlimatın qəbulu ilə əlaqədar Daxili İşlər Nazirliyinin 2005-ci il 16 dekabr tarixli 575 nömrəli əmri ləğv olunub.