Martın 14-də Nizami Kino Mərkəzində IDEA İctimai Birliyinin "Azərbaycan. Ceyranların xilası sənədli filminin təqdimatı olub.

Heydər Əliyev Fondundan Unikal.org-a verilən xəbərə görə, fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimatda iştirak edib.

Təqdimatdan əvvəl Leyla Əliyeva filmin rejissoru İqor Bışnyovun çəkilişlər zamanı lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olub.

Azərbaycan faunasının incisi - ceyranlardan bəhs edən film Şirvan, Ağgöl, Abşeron, Korçay və Qobustandakı xüsusi mühafizə olunan təbiət ərazilərində çəkilib. Xronometrajı 40 dəqiqə olan filmdə qeyd edilir ki, Cənubi Qafqazda ceyranlar vaxtilə sıx məskunlaşsa da, ötən əsrdə onların sayında kəskin azalma müşahidə olunurdu. 1961-ci ildə aparılan aviasayğı nəticəsində respublika ərazisində 131 baş ceyran qeydə alınmışdı. Bu nadir növün xilası üçün 1961-ci ildə Bəndovan dövlət təbiət yasaqlığı, 1969-cu ildə Şirvan dövlət qoruğu yaradılıb və 20 il sonra bu ərazilərdə ceyranların sayı 3 minə çatıb. 2003-cü ildə isə ərazidə Şirvan Milli Parkı yaradılıb. Nəticələrə nəzər saldıqda əminliklə söyləmək olar ki, Cənubi Qafqazda ceyranlar Azərbaycanda aparılan işlər sayəsində xilas edilib.

Sənədli filmdə 2010-cu il dekabrın 24-də Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən "Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası proqramı çərçivəsində görülən işlər əksini tapıb. Belə ki, Şirvan Milli Parkının ərazisindən ceyranlar Acınohur-Sarıca və Mil düzlərinə, Bozdağ silsiləsinə və Qobustan-Cəngiçay Dövlət Təbiət Yasaqlığının ərazisinə gətirilib. Təsis edildiyi dövrdən etibarən IDEA İctimai Birliyi ceyranların bərpası və mühafizəsi üzrə fəaliyyəti dəstəkləyib və bu işə öz töhfəsini verib.

Qeyd edək ki, "Azərbaycan. Ceyranların xilası filmi İqor Bışnyovun rejissorluğu ilə IDEA tərəfindən reallaşdırılan dördüncü filmdir. İlk üç film IDEA İctimai Birliyinin "Azərbaycanın 9 möcüzəsi adlı layihəsi çərçivəsində çəkilmiş "Şirvan Milli Parkı, "Quşlar cənnəti - Ağgöl Milli Parkı və "Göygöl Milli Parkı sənədli filmləridir.

"Azərbaycan. Ceyranların xilası filmi IDEA-nın təşəbbüsü ilə ölkəmizin ali təhsil müəssisələrində, həmçinin birliyin Bakı və Gəncə şəhərlərindəki resurs mərkəzlərində nümayiş etdiriləcək. Bununla yanaşı, filmin digər ölkələrdə və müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də nümayişi nəzərdə tutulur.

Layihənin məqsədi Azərbaycanın təbiət gözəlliklərini ölkə daxilində və xaricdə təbliğ etmək, eləcə də ətraf mühitin mühafizəsinin vacibliyini ictimaiyyətin diqqətinə çatdırmaqdır.