Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər. Təqsirləndirilən Bayram Vəliyev yenə də məhkəməyə xərəkdə gətirilib.
B. Vəliyevin vəkili vəsatətlə çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətinə görə barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib: "Bayram Vəliyevə ixtisaslaşmış tibbi yardım göstərilməlidir. Onun problemi əsasən sinirlə bağlıdır, vurulan ağrıkəsici iynələrin də artıq təsiri yoxdur. Bayram Vəliyev təqsirləndirilən şəxs kimi hüquq və vəzifələrini yerinə yetirmir. Xahiş edirəm, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilsin".
Vidadi Zeynalovun vəkili Bəylər Məmişov isə deyib ki, hüquqlarını müdafiə etdiyi şəxsə verilən ittihamlar 2009-2015-ci illəri əhatə edir və onun olduğu iddia edilən 67 əmlakın üzərinə həbs qoyulub: "Halbuki bunlardan yalnız iki əmlak Vidadi Zeynalovun mülkiyyətindədir. O əmlakların da biri ittihamın əhatə etdiyi dövrdən xeyli əvvəl alınıb. Vidadi Zeynalovun bacılarının da əmlakının üzərinə həbs qoyulub. Bu cür yanaşma mülkiyyət hüququnun pozulmasıdır. Təklif edirəm ki, Vidadi Zeynalovun əmlaklarının üzərindən həbs götürülsün və bu əmlaklar satılaraq, ziyan ödənilsin".
Hakim Əfqan Hacıyev əmlakla bağlı məsələyə yekunda müşavirə otağında qiymət veriləcəyini deyib.
Təqsirləndirilənlər - Namazalı Məmmədovun və Anar Mustafayevin vəkilləri isə təkrar ekspertizanın keçirilməsi və Maliyyə Nazirliyinin ekspertlərinin məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıblar. Məhkəmə ekspertlərlə bağlı vəsatəti baxılmamış saxlayıb, B. Vəliyevin ev dustaqlığına buraxılması haqda vəsatəti isə təmin etməyib.
Bu zaman B. Vəliyevin vəkili məhkəmə tərkibinə etiraz edib. Vəkil qeyd edib ki, B. Vəliyev səhhətində yaranan problemlərlə bağlı prosesdə iştirak edə bilmədiyini, bu vəziyyətdə məhkəmə istintaqının aparılmasına etiraz edir.
Məhkəmə tərkibinə etirazla bağlı vəsatətə münasibət bildirən digər təqsirləndirilən şəxslər qərarı məhkəmənin mülahizəsinə buraxdıqlarını deyiblər. Bayram Vəliyev isə onların bu fikirlərinə etiraz edib və təhqiredici ifadələr işlədib: "Bunlar vəsatəti ona görə müdafiə etmirlər ki, günahkar özləridirlər".
Məhkəmə kollegiyası etirazı əsassız hesab edərək, təmin etməyib.
Proses martın 29-da davam etdiriləcək.
Qeyd edək ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu "Bakı Rabitə Təmir Tikinti və "Təmir Təchizat Servis MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu "3 nömrəli Rabitə Təmir Tikinti, "Rabitə Mülki Tikinti MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.
Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan "Aztelekom MMC, "AzİnTelekom MMC, "Azərpoçt MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət "Optik Rabitə Tikinti və Quraşdırma MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və "Aztelekom MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin "AzİnTelekom MMC-nin baş direktoru Cəlil Cəfərova, "Azərpoçt MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və "Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.