Əbülfəs Qarayev üçün vacib sual
12:30 08-07-2012
CƏMİYYƏT
Əbülfəs Qarayev üçün vacib sual
Niyə turistlər Azərbaycanı yox, Gürcüstanı seçir?
Bu yazının ortaya çıxmasına bu il iyunun 13-də “Jumeirah Bilgah Beach Hotel”də keçirilən tədbir barədə informasiya səbəb oldu. Həmin tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkədə yay turizm mövsümünü açıq elan etdi.
Nazir bildirdi: “Ölkədə turizmin inkişafı üçün mümkün olan bütün işlər görülür. Bundan başqa, hökumət dünyanın aparıcı televiziya kanallarında ölkəmiz haqqında videoçarxların hazırlanması və nümayişi üçün əlavə vəsait ayırıb. İyulun 1-dən etibarən yeni sayt - www.azerbaijan.travel işə düşəcək. Bu sayt digər ölkələrin təcrübəsi əsasında yaradılıb. Turizm sahəsi üzrə ixtisaslaşmış işçilərinin səviyyəsini artırmaq, kadrlar hazırlamaq üçün böyük işlər görülür. Ölkədə yeni turizm obyektləri yaradılır, beynəlxalq turizm sərgilərində müxtəlif ölkələrlə əlaqələrin yaradılması ilə bağlı işlər aparılır”.
Nazirin açıqladığı statistika isə ümumiyyətlə, fantastik görünür. Əbülfəs Qarayevin sözlərinə görə, son 5 ildə turizm sənayesinin yüksək artım templəri sayəsində Azərbaycan 4 milyonadək xarici turisti qəbul etməyi planlaşdırır. Diqqət yetirin: 4 milyon turist. Bu, dördillik müddət üçün təxminən iki adama bir turist deməkdir. Bundan başqa, bu yaxınlarda nazir onu da bildirib ki, mayın əvvəlindən indiyədək Azərbaycanın Qəbələ rayonunu 10 mindən artıq yerli və xarici turist ziyarət edib. Bu lazımdımı? Belə böyük rayon üçün belə çox adam. Ölkədə 60 belə inzibati rayon var. Budur o, turizm sahəsinin potensialı...
İndi isə gəlin çox uzağa getməyək və Gürcüstanla bağlı statistikaya diqqət edək. Şəmin statistikaya görə 2012-ci ilin yanvar-may aylarında təkcə Acarıstanda turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 61.7% artıb (“GHN”).
Acarıstan Turizm İdarəsinin məlumatına görə, bu il artıq regionu 239.742 nəfər ziyarət edib. 2012-ci ildə xarici qonaqların sayı 102.173 nəfər olub, bu, 2011-ci illə müqayisədə 127.5% çoxdur. Maraqlıdır ki, Acarıstan bizim Qəbələdən nə qədər böyükdür? Çox böyük deyilsə, nə üçün gürcü Acarıstanına Azərbaycanın Qəbələsindən 10 dəfə çox ziyarətçi gəlib? Bizim bu suala cavabımız yoxdur. Biz artıq demişik axı, xariciləri başa düşmək çətindir...
Yeri gəlmişkən, başqa bir maraqlı statistika da var. Mayın 10-da, Batumidə, Ümumdünya Turizm Təşkilatının Avropa Komissiyasının 54-cü iclasının açılışında Gürcüstan prezidenti Mixail Saakaşvili deyib: “Mən dünyanın ikinci bir ölkəsini tanımıram ki, orada turistlərin sayı Gürcüstandakı kimi artsın. Mən prezident olduğum il Gürcüstana 120 min xarici qonaq gəlmişdi, onların əkasəriyyəti xarici pasportu olan gürcülər idi. İki il əvvəl bizə ildə iki milyon turist gəldi, ötən il - beş milyon, bu il biz dörd milyon, gələn il üçün isə 5 milyon turist gözləyirik. Siz soruşa bilərsiniz, hansı ölkədə belə artım var. Mənim bildiyimə görə, heç bir ölkədə yoxdur”.
Əbülfəs Qarayev
müqayisəni
necə uduzdu?
İki qonşu dövlətdən olan nümayəndələrin hesabatlarındakı rəqəmləri müqayisə edək. Əgər (Əbülfəz Qarayev) Azərbaycan 2017-ci il üçün xarici turistlərin sayını 4 milyon nəfərədək artırmağa hazırlaşırsa, o zaman Gürcüstan (Mixail Saakaşvili) artıq bu il eyni sayda əcnəbil qəbul etmək niyyətindədir. Ölkələrimizin ərazisini, əhalinin sayını (yəni, insan resurslarını), iqtisadi potensialı, maliyyə resurslarını müqayisə edəkmi?
Azərbaycanın öz qonşusundan turizm sektorunda geri qalmasının əsas səbəbi barədə danışdıq və bunu “əcnəbiləri anlamaq olmur” kimi səciyyələndirdik. Amma kiçik, demək olar ki, nəzərə çarpmayan məqam (o qədər kiçikdir ki, bunu heç məqam da adlandırmaq olmaz) var ki, bu da bizim giqanomaniya ilə bağlıdır. İzah edək. Biz Sahilyanı Milli Parkının ərazisini genişləndiririk (yeri gəlmişkən, burada velosiped gəzintisi üçün xüsusi cığırlar da nəzərdə tutulmayıb), əhalinin və turistlərin dincəlməsi üçün velosipedləri və velotaksiləri gətirdib, istismara veririk, onlar üçün ilk saat üçün 2 manat, sonrakı hər bir saat üçün 1 manat qiymət, veletaksilər üçün isə saatına 5 manat müəyyən edirik, halbuki bu vaxt Batumidəki velosiped parkının 50-60 istehlakçısı var, sahil xəttində yerləşən terminallarda velosipeddən istifadə üçün cəmi 2 lari - bizim pulla təxminən 1 manat ödəyirlər.
Onu da deyək ki, bu mövsüm Batumidəki mövcud velosiped yollarına bulvar ərazisində 15 kilometrlik velosiped trassı da əlavə olunacaq. Və onu da əlavə edək ki, Kutaisidə velotrassdan istifadə günü-gündən populyarlaşır, orada iki velosiped trassı var ki, ümumi uzunluqları 9 kilometrə çatır. Üstəgəl, Kobuletidə də velotrass həmişə dolu olur, orada altı kilometr uzunluğu olan velosiped yolu var.
Siz deyəcəksiniz: “Boş şeydir”. Ola bilər, amma Gürcüstan Milli Statistika Xidmətinin məlumatlarına görə, 2011-ci ildə 66 min velosiped idxal olunub, bu, 2009-cu illə müqayisədə 165 faiz, 2010-cu illə müqayisədə 37% çoxdur. Bizdə isə bu təcrübə yalnız cari ildə həyata keçirilir.
Lakin əgər biz giqantomaniyaya meyl barədə danışırıqsa, bir faktı qeyd etməliyik. Azərbaycanda 2012-ci ilin əvvəllərində artıq 225 mehmanxana və otel vardı, turizm sənayesi işçilərinin sayı isə 10 min nəfərə yaxın idi. Bununla yanaşı, bizdə hətta artıq mövcud mehmanxanalarda belə, yer dəhşətli dərəcədə çatışmır. Qəbələ Mədəniyyət və Turizm şöbəsinin müdiri Nargilə Qafarovanın sözlərinə görə, rayonda 14 turizm obyekti var, onlardan 5-i otel, qalanı istirahət mərkəzləridir.
Həmçinin yeni otel tikilir. Yay turizm mövsümü yeni başlasa da, otellərdəki bütün yerlər, xüsusən də həftə sonları məşğuldur. Hazırda iyulun 25-dən avqustun 5-dək keçiriləcək IV Qəbələ musiqi festivalına hazırlıq gedir. Asanlıqla təxmin etmək olar ki, bu 10 gün müddətində rayon otellərində iş gərgin olacaq. Bir qism turistləri qəbul etməklə, digər qismi - musiqi festivalına heç bir dəxli olmayan, bu rayonda, sadəcə, istirahət etmək istəyən qonaqları itirməyimizin açıq-aşkar misalıdır.
Və sonda
Ola bilsin ki, məhz bizim giqantomaniyaya meylimiz ölkənin turizm potensialının təbliği üçün illik vəsaiti hesablamağa imkan vermir. Məsələn, bu yaxınlarda Gürcüstan Turizm İdarəsi bu ölkənin turizm potensialının təbliği üçün 10 milyon lari ayırmaq niyyətindədir, bu da bizim pulla 5 milyon manat təşkil edir. Bununla yanaşı, orada dəqiq izah edirlər ki, bu pul nəyə sərf olunacaq. Adminstrasiyanın rəhbəri Maya Sidamonidze deyib: “KİV-də reklam bahalı olduğundan, turizm potensialının reklamına 10 milyonadək lari ayrılıb... İsrailə gəlincə, orada Gürcüstan yetərincə məşhurdur, bu səbəbdən də, biz bu ölkədə PR və reklam fəaliyyətinə bir milyon dollar ayırmağı qərara aldıq”.
Bu il İsraildən Gürcüstana 40 min qonağın səfər edəcəyi gözlənilir. Yəni bizim qonşular yaxşı bilirlər ki, onlar dövlət vəsaitlərini hara və nəyə sərf edəcəklər və bunun hansı iqtisadi təsiri olacaq.
Bizdə necə, kimsə bilirmi 2012-ci ildə Azərbaycan turizminin təbliğinə nə qədər pul sərf olunacaq?
Azər Aslan
Digər Xəbərlər
2024-11-23 09:40:24
2024-11-23 09:23:00
2024-11-23 09:13:51
2024-11-23 08:53:12
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05