Öz evində gözətçi işləyən şəxsi güllələməkdə təqsirləndirilən Vidadi Quliyev hakim qarşısına çıxarılıb. Hadisənin səbəbi tərəflərin spirtli içki içib, mübahisə etməsi olub.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə əvvəllər hüquq-mühafizə orqanlarında yüksək vəzifə tutmuş Vidadi Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Vidadi Quliyev qəsdən adam öldürməyə cəhddə ittiham edilir. Ancaq o, ittihamla razılaşmır və gözətçini bilərəkdən vurmadığını deyir. Hadisə ötən ilin iyul ayında Sabunçu rayonunda baş verib.
Məhkəmədə prokuror ittiham aktını elan edib. İttihama görə, Vidadi Quliyev evində gözətçi işləyən Elşad Kazımov və onun tanışı Rəşad Əkbərovla birlikdə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsindəki kafelərdən birində yeyib-içiblər. Daha sonra Vidadi Quliyevin evinə gəliblər. Onlar yoldan pivə alaraq evdə spirtli içki qəbul etməyə davam ediblər.
V.Quliyev ittihama münasibət bildirərkən özünü qismən təqsirli bildiyini söyləyib.
"Mən onu öldürmək istəməmişəm. Silah ehtiyatsızlıqdan açılıb. Ancaq qanunsuz olaraq silah saxlamağa görə özümü təqsirli bilirəm", - deyə V.Quliyev bildirib.
Məhkəmə prosesində zərərçəkmiş şəxs kimi tanınan Elşad Kazımov da iştirak edib. Silahı insident zamanı bir neçə güllə yarası alan Kazımov məhkəmədəki ifadəsində deyib ki, həmin gün hamısı sərxoş olub və bu zaman da kiçik mübahisədən sonra belə bir hadisə baş verib.
Elşad Kazmov qeyd edib ki, kirayədə yaşamaq üçün ev axtaran zaman Vidadi Quliyevi tanıyıb. Onun bağındakı evinin bir otağında qalıb və həyətdəki işləri görüb, həm də evə nəzarət edib. Vidadi Quliyev bunun qarşılığında ondan kirayə haqqı almayıb.
Məhkəmədə məlum olub ki, əslən Lənkərandan olan Elşad Kazmov həmin evdə nikahdan kənar olan qadın və iki uşağı ilə birlikdə qalırmış. Onun Lənkəranda olan rəsmi nikahlı arvadından da iki övladı var.
Vidadi Quliyev bu məsələyə münasibət bildirib: "Mən deyirdim bəlkə birikdə yaşadığı Sevinc bunun arvadıdır. Bu hadisədən sonra öyrəndim ki, ailəsi Lənkərandadır".
Hakimin sualına cavab olaraq Elşad Kazımov fəhləlik edərək hər iki ailəsinə baxdığını bildirib.
Elşad Kazımov ifadəsində bildirib ki, içki qəbul etdikdən sonra əvvəlcə tanışı Rəşad Əkbərovla mübahisə edib. Mübahisəyə səbəb Vidadi Quliyevin həyət evində görülən işlərə görə ondan artıq pul alınması ilə bağlı olub. Belə ki, Vidadi Quliyev Rəşad və Elşad arasındakı söhbəti eşidib və ona məlum olub ki, bir müddət əvvəl evində görülən işə görə, Elşad ondan çox pul alıb. Bu söhbət əvvəlcə Rəşadla Elşad arasında açılıb və onlar bir-birlərini təhqir ediblər.
"Onu itələyib silahı çıxardım"
Vidadi Quliyevin dediyinə görə, o tərəfləri sakitləşdirmək istəyib: "Elşad Rəşadın üstünə hücum çəkirdi. Onu evdən qovmaq istəyirdi. Mən də dedim ki, sən kimsən ki, mənim evimdən adam qovursan. Elə sən özün də çıx get. Bunları sakitləşdiriridim. Elşad söyüş söyürdü. Səs də hər tərəfə yayılırdı. Dedim ki, qonşular eşidir axı. Başladı qonşuları da söyməyə. Hətta telefonla qonşulara zəng edirdi. Mən mətbəxə keçib çayın altını yandırdım. Dedim bir çay içək, sakitləşək. Elşad bir az sakitləşmişdi. Mən qayıdanda gördüm ki, mübahisə yenə başlayıb. Elşad divandan durub Rəşada bir yumruq vurdu. Sonra da mənim boğazımdan yumruqla vurub divana yıxdı. Məni boğmağa başaldı. Mən də silahı götürüb arxama qoymuşdum. Onu itələyib silahı çıxardım. O da silahdan tutdu. Mən onu vurmaq istəmirdim. Bunu özü də bilir. Sadəcə içkili idi, özümü müdafiə etmək üçün onu qorxutmaq istəyirdim. Necə olduğunu, silahın necə açıldığını xatırlamıram. Bir onu bildim ki, qışqırmağa başladı. Mən özüm kursant olmuşam. Həm də 80-ci illərin kursantı. 20 yanvar hadisələrində telestudiyaya hücum zamanı yaralanmışam. Əfqanıstanda döyüşlərdə olmuşam. Əgər mən onu silahla vurmaq istəsəydim, vurardım".
Vidadi Quliyev bildirib ki, daha sonra öz maşını ilə Elşad Kazımovu xəstəxanaya aparıb: "İçkili olduğum üçün maşını güclə idarə ediridim. Xəstəxanaya gətirdim. Həmin vaxt Sevinc də yanımızda idi. Nömrəmi verdim. Dedim ki, nəsə lazım olsa, zəng edin. Özüm də polisə təhvil olmaq üçün xəstəxanadan çıxdım. Bu vaxt mənə Nardarandakı polis bölməsinin rəisi zəng elədi. Dedik ki, bölməyə gəlib, hadisə ilə bağlı izahat verim. Mən də bölməyə getdim".
Qanunsuz olaraq silah saxlamaqda özünü günahkar bilən V.Quliyev "Makarov" markalı tapançanı hardan əldə etməsini izah edərkən deyib: "Silahı "Sovetski" ərazisindəki sökülən evlərdən birində tapmışdım. Cəmi 2 ay olardı. Evdə saxlayırdım".
Məhkəmədə hadisənin əsas şahidi Rəşad Əkbərov da ifadə verib. O da Vidadi Quliyevlə eyni məzmunlu ifadə verərək hadisənin təfərrüatlarını danışıb.
O, qeyd edib ki, Elşad Kazımovla əmioğlu deyillər. Ancaq Lənkəranda qonşu olublar və münasibətləri də belə yaranıb. R.Əkbərov bildirib ki, içkili olduqları üçün kiçik anlaşılmazlığa görə mübahisə ediblər və sonda da belə bir hadisə baş verib.
"Elşad birinci məni yumruqla vurdu. Pilləkandan yıxıldım. Sonra ayağa qalxanda gördüm ki, divanda Vidadini boğur. Silah səsi eşidəndə balkona qaçdım. Elşadın əlindən qan axırdı. Bir az sonra da maşınla xəstəxanaya getdik"- deyə R.Əkbərov ifadəsinə əlavə edib.
Məhkəmədə zərərçəkmiş Elşad Kazımov mülki iddia ilə çıxış edib. O, xəsarət aldıqdan sonra işləyə bilmədiyini, indi də müalicəyə ehtiyacı olduğu üçün belə bir iddia ilə çıxış etdiyini bildirib.
"Xəstəxanada olanda qardaşı yanıma gəlib. 700 manat pul veriblər. Ərzaq da gətiriblər. Ancaq mən neçə aydır işləmirəm. Müalicəyə də ehtiyacım var. Ona görə də mülki iddia qaldırmışam"- deyə E.Kazımov deyib.
Məhkəmə mülki iddianı baxılmamış saxlayıb.
Bildirək ki, hadisə zamanı E.Kazımov əl və qarın nahiyəsindən güllə yarası alıb. Növbəti məhkəmə prosesi martın 27-də baş tutacaq.
Bildirək ki, V.Quliyev Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) və 228-ci (Qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə təqsirli bilinir.