Bakıda "Qul bazarında iş axtaran fəhlələr arasındakı mübahisə qanlı bitib. Bir nəfər ölümcül yaralanıb, bir nəfər isə həbs edilib. Hər iki şəxs Nizmai rayonu ərazisində, "Xalqlar Dostluğu metrostansiyasının yaxınlığındakı "Qul bazarında gündəlik fəhləlik işi axtarırmış. Elə mübahisə də iş üstündə baş verib. Belə ki, fəhlələrdən birinin tapdığı işi digəri ilə bölüşməməsi davaya səbəb olub.
Qanlı cinayət əməlini törətməkdə təqsirləndirilən Lənkəran rayon sakini Mustafayev Fərman Ağalar oğlu Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək həbs edilib.
Unikal.org musavat.com-a istinadən xəbər verir ki, Fərman Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxs Namiq Qaralov da iştirak edib.
Prosesdə ilk olaraq dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, Fərman Mustafayev birlikdə "Qul bazarında iş axtardıqları Namiq Qaralovla mübahisə etdikdən sonra əlbəyaxa dava ediblər. Daha sonra Mustafayev çantasında olan bıçaqla Qaralova 12 dəfə bıçaq zərbəsi endirib. İstintaqın gəldiyi nəticə belədir ki, Mustafayevin məqsədi Qaralovu öldürmək olub. Ancaq ətrafda olanların müdaxiləsi ilə o bu niyyətini həyata keçirə bilməyib. Buna görə də Mustafayevə qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.
Ancaq Fərman Mustafayev ittihamla razılaşmır. O, məhkəmədə deyib ki, Qaralovu öldürmək niyyəti olmayıb. Buna görə də özünü qismən təqsirli bilir. Mustafayev özünü qismən təqsirli bildiyi üçün məhkəmənin davamında zərərçəkmiş, 12 bıçaq yarası almış Namiq Qaralov ifadə verib.
Hadisənin 9 noyabr 2016-cı il tarixində Fərmanla aralarındakı mübahisədən sonra baş verdiyini deyən Qaralov olanları belə danışıb: "Biz "Qul bazarında gündəlik iş axtaran adamlarıq. Söküntü, dağıntı işlərinə gedirdik. Noyabrın 9-da bir iş düşdü və mən də getdim. Sonra Fərman mənə zəng elədi ki, "mənim aparatımla iş görməyə gedirsən. Mənə niyə xəbər eləmirsən? Adam kişi olar. Amma həmin gün Fərman bazarda olmadığına görə mən tək getmişdim. 3 gün sonra, noyabrın 12-də Fərmanla bazarda görüşdük. Eyni söhbət üstündə mübahisə etməyə başladıq.
Fərmanla Namiqin mübahisəsi əlbəyaxa dava ilə davam edib. Hər ikisi xəsarət alıb. Bazarda olan digər fəhlələr onları sakitləşdirməyə çalışıb. Burnu qanayan Fərman çantasına tərəf qaçaraq iş üçün istifadə etdiyi bıçağını götürüb.
Namiq Qaralov deyir ki, Fərman bıçağı götürəndə hər kəs qorxub. Artıq heç kim araya girib onları sakitləşdirməyib. Fərman Namiqin arxasınca qaçaraq ona xeyli bıçaq zərbəsi endirib.
"Bıçağı götürüb üstümə gələndə qaçmaq istədim. Bir neçə zərbə vurdu. Yalvardım ki, vurma. Sənin də, mənim də balamız var. İkimiz də bədbəxt olacağıq. Ancaq əl çəkmədi. Qollarıma, bədənimə, ayaqlarıma bıçaq zərbələri vurdu. Həmin vaxt orada adam çox idi. Mən onun əlindən qaçıb yaxınlıqdakı taksilərdən birinə oturdum. Özüm xəstəxanaya getdim - deyə Namiq Qaralov ifadəsinə əlavə edib.
O, bildirib ki, Fərman Mustafayev onu öldürmək məqsədi ilə vurub: "Deyir ki, məni öldürmək istəməyib. Öldürmək istəməyən adam bir bıçaq vurardı, ikisini vurardı. Belə şeymi olar? 12 bıçaq vurub. Mən qaçmasaydım öldürəcəkdi. Əlindən ancaq çıxmışam. Zərbələrdən biri ürəyimdən 1 santimetr aşağı dəyib. Həkim dedi ki, bir az yuxarıdan dəysəydi, elə həmin yerdə ölə bilərdim. İndi sağ qolum da işləmir. Damarlarım bıçaq zərbələrindən zərər görüb. Qan işləmir. Qolum tutulur. Həm də bu adam bıçağı soxandan sonra burub. O məni öldürmək niyyəti ilə vururdu.
Daha sonra Fərman Mustafayev prokurorun suallarını cavablandırıb. Mübahisə zamanı ilk zərbəni kimin vurması haqda suala konkret cavab verə bilməyən Qaralaov bildirib ki, hər ikisi eyni vaxtda bir-birinə yumruq vurub.
Məhkəmədə o da məlum olub ki, F.Mustafayev bıçaq götürməyə gedərkən N.Qaralov da istifadə etdikləri aparatın dəmir parçalarından birinə əl atıb. Qaralov bunu özünümüdafiə məqsədi ilə etdiyini söyləyib.
N.Qaralov sualları cavablandırarkən onu da qeyd edib ki, hadisənin baş verdiyi ərazidə nəzarət kameraları var. Onun sözlərinə görə, istintaq zamanı həmin görüntülər polis əməkdaşları tərəfindən götürülüb və araşdırılıb.
N.Qaralov ifadə verdikdən sonra məhkəmədə söz təqsirləndirilən Fərman Mustafayevə verilib. Fərman Mustafayev yenə də Qaralovu öldürmək niyyəti ilə vurmadığını deyərək onu təhqir edib. Mustafayev Qaralovun məhkəmədə yalan danışdığını, doğru ifadə vermədiyini deyib. Hakim Mirzə Xankişiyev Fərman Mustafayevə xəbərdarlıq edib.
Qeyd edək ki, əvvəlki məhkəmə proseslərində Fərman Mustafayevin anası da iştirak etmişdi. O, iki oğlunun şəhid olduğunu, üçüncü oğlunun isə həbsdə qalmasını istəmədiyini deyib.
Növbəti məhkəmə prosesi martın 29-da olacaq.