Qırğızıstanın paytaxtı Bişkekdə saxlanılan sabiq deputat Sadır Japarovun tərəfdarlarının təşkil etdiyi mitinq dağıdılarkən 68 etirazçı saxlanılıb.
Unikal.org-un xəbərinə görə, bu barədə "RİA Novostiyə Qırğızıstanın DİN rəhbərinin müavini Almaz Orozəliyev bildirib.
"Xuliqanlığa yol vermiş və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı güc tətbiq etmiş 68 nəfər saxlanılıb, - deyə DİN rəhbərinin müavini bildirib. Onun sözlərinə görə, etirazçılar kütləvi iğtişaşlar təşkil edərək, asayiş keşikçilərinə şüşə qablar və digər əşyalar atıblar, taxta parçaları ilə xəsarətlər yetiriblər. Onlar həmçinin DİN-ə məxsus avtobusun şüşələrini qırıblar.
Bundan əvvəl Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları son illər Kiprdə yaşayan sabiq müxalifətçi deputat Sadır Japarovu Bişkek aeroportunda saxlayıblar. Onun barəsində 2013-cü ilin noyabrın 7-də baş vermiş iğtişaşlarla əlaqədar CM-nin bir neçə maddəsi üzrə cinayət işi başlanılıb.