Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli miqdarda dərman vasitəsinin qanunsuz dövriyyəsilə əlaqədar fakt qeydə alınıb.
Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan-Bakı aviareysilə gələn sərnişinləri qarşılayan Azərbaycan vətəndaşı saxlanılıb.
Həmin şəxsin ayrı-ayrı sərnişinlərdən təhvil aldığı üç ədəd çantanın içərisindəki malların yoxlanılması zamanı, oradan "Devit-3 İ.M/Oral AMPUL", "Transamine %5 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL", "Transamine %10 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL" və "Proluton Deport 500mg/2ml" adlı cəmi 422 ədəd dərman vasitəsi aşkar olunub.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin arayışına əsasən, adıçəkilən dərman vasitələri dövlət reyestrində qeydiyyatdan keçməsi mütləq olan dərman vasitələrinin siyahısına daxildir, lakin onların heç biri dövlət qeydiyyatından keçməyib.
Xatırladaq ki, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1-ci maddəsinə əsasən müvafiq məsuliyyətə səbəb olur.
Faktla bağlı araşdırma aparılır.