Daxili İşlər Nazirliyi (DİN) Rusiyanın "Life.ru xəbər portalında Bakı şəhərində sovet əsgərlərinin dəfn olunduğu qəbiristanlıqda məzarların guya dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin naməlum şəxslər tərəfindən oğurlanması barədə yayılan informasiyaya münasibət bildirib.
Unikal.org xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında "Life.ru kimi ciddi bir xəbər portalının haradansa əldə etdiyi məlumatı dəqiqləşdirmədən, müvafiq araşdırma aparmadan tez-tələsik yayımlamasının təəssüf hissi doğurduğunu qeyd edib:
"Buna baxmayaraq, fəxrlə bildirmək istəyirəm ki, bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri qardaşlıq və mehribanlıq şəraitində bir ailə kimi yaşayırlar. İstər ölkəmizin paytaxtında, istərsə də regionlarındakı müxtəlif dinlərə məxsus olan çoxsaylı abidələrdə, maddi-mədəniyyət nümunələrində yeri gəldikcə təmir-bərpa işləri aparılır və mühafizə edilir. Yəni, Azərbaycanda dini, milli məsələlərin həlində çox böyük uğurlar əldə olunub ki, bu da hamı tərəfindən etiraf edilir. O ki qaldı Bakı şəhər sakini Dmitri adlı vətəndaşın şikayətinə, onu da araşdırdım. Məlum oldu ki, sözügedən qəbiristanlıq paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşir. Xəbərdə qeyd olunduğu kimi, həmin qəbiristanlıqda təkcə sovet əsgərləri dəfn edilməyib, ora ümumi qəbiristanlıqdır.
Sinqin Dmitri Gennadiyeviçin valideynləri də orada dəfn olunublar. Oradakı qəbirlərin kütləvi şəkildə dağıdılmasından söhbət belə gedə bilməz. Cəmi iki qəbrin ətrafına çəkilmiş çərçivələr oğurlanıb ki, belə hallara az da olsa, digər qəbiristanlıqlarda, o cümlədən müsəlman qəbiristanlıqlarında da rast gəlmək olar. Bununla belə, iki qəbrin ətrafına çəkilmiş metal çərçivələrin sökülərək oğurlanması faktı Sabunçu Rayon Polis İdarəsində qeydə alınıb və bu fakt üzrə zəruri araşdırmalar, tədbirlər həyata keçirilir. Bu barədə vətəndaş Dmitri Sinqinə də rəsmi məlumat verilib.
Sonda onu da qeyd etmək istərdim ki, metal oğruları üçün müsəlman, xristian qəbiristanlıqlarının heç bir fərqi yoxdur. Onlar fürsət düşən kimi, öz bəd əməllərini istənilən yerdə həyata keçirməyə cəhd edirlər. Əsas da odur ki, belələri gec-tez hüquq-mühafizə orqanları tərəfindən ifşa edilərək məsuliyyətə cəlb olunurlar.
Xatırladaq ki, Rusiyanın "Life.ru" xəbər portalında Bakı şəhərində sovet əsgərlərinin dəfn olunduğu qəbiristanlıqda məzarların guya dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verilib. Hətta nümunə kimi, Dmitri adlı Bakı sakininin həmin qəbiristanlıqda dəfn edilmiş, sovet əsgəri olan babasının məzarının da vandalizmə məruz qaldığı bildirilir.