Martın 27-də Bakının Fətəli Xan Xoyski küçəsində "Hyundai Accent" markalı 85-CE-492 qeydiyyat nişanlı avtomobilin sürücüsünün kobud qayda pozuntusu avtosfer.az-ın kamerasına düşüb.

Unikal.org xəbər verir ki, həmin avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olur. Həmin intizamsız sürücü qəza dayanma işıqlarını qoşub yolun hərəkət hissəsində - ikinci cərgədə duraraq digər taksi sürücüsü ilə söhbət edir.
Sumqayıt şəhərində xidmət aparan nəqliyyat müfəttişi də idarə etdiyi 50-AB-128 qeydiyyat nişanlı "Nissan Sunny" markalı xidməti avtomobili ilə yolun hərəkət hissəsində ikinci cərgədə dayanma-durma qaydasını pozub. Görüntülər başqa bir sürücünün avtomobilində quraşdırılan videoregistratora düşüb.

Nədənsə dövlətə məxsus xidməti avtomobilləri idarə edən sürücülər qanunlara əməl etmək istəmirlər. Onlar elə düşünürlər ki, avtomobilin üstündə sayrışan işıq varsa və xidmətdədirlərsə, qaydanı poza bilərlər. Əsla, belə deyil. Xidməti vəzifəni yerinə yetirən zaman belə heç kimin hüquqları tapdalana bilməz. O cümlədən də həmin yoldan istifadə edənlərin yolunu kəsmək olmaz.