Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) tərəfindən Kürdəmir rayonunun Xınıslı kəndində qanunsuz at kəsimi aşkar edilib.
Bu barədə Unikal.org-a nazirliyin Mətbuat katibliyindən məlumat verilib.
Bildirilir ki, martın 31-də Kürdəmir Rayon Baytarlıq İdarəsinin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısını almaq məqsədi ilə Kürdəmir rayonu, Xınıslı kənd sakini Bağırov Anar Ağanəsib oğluna məxsus həyətə baxış keçirərkən oradakı 10-VH-988 dövlət nömrə nişanlı "Mersedes markalı minik avtomobilinin yük yerində antisanitar vəziyyətdə, polietilen torbalara yığılmış, satış üçün nəzərdə tutulan 2 baş atın sümükdən ayrılmış 150 kq çəkisində əti, daxili orqanları və atların baş-ayaqları aşkar olunub. Həmçinin, həyətyanı sahədə antisanitar şəkildə at dəriləri, skeletləri, daxili orqanları və qan laxtaları ilə dolu primitiv quraşdırılmış kəsim yeri, ətləri asmaq üçün qarmaq, müxtəlif alət və ləvazimatlar aşkar edilib. A.Bağırova məxsus avtomobilin yük yerinə yığılmış at ətlərindən və daxili orqanlarından nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
A.Bağırov həmin atları rayonun digər kəndlərindən aldığını və kəsərək Bakı şəhərində sakinlərə mal əti adı ilə satmaq istədiyini etiraf edib.