Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində həyatını itirən 21 yaşlı azərbaycanlı gənc Dilbər Əliyevanın meyiti hələlik valideynlərinə verilməyib.

Unikal.org-un sputnik.az-a istinadən xəbər verir ki, Sankt-Peterburqdakı Azərbaycan diasporunun rəhbəri Vaqif Məmişov qeyd edib ki, məhkəmə-tibbi ekspertiza onun bədənindən partlayıcı qurğunun qəlpələrini çıxarmalıdır:

"Bu, cinayətin araşdırılması üçün vacibdir. Hadisə zamanı zərərçəkmiş digər azərbaycanlı Zaur Vəliyevin vəziyyəti yaxşılaşır. Onu bu gün xüsusi palataya köçürəcəklər. Xoşbəxtlikdən qurbanlar arasında başqa azərbaycanlı yoxdur".

Azərbaycanlı Dilbər Məmmədova aprelin 3-də Sankt-Peterburq metrosunda baş verən partlayış nəticəsində ölüb. Bu faktı Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu təsdiqləyib. Məmişov qeyd edib ki, xüsusi xidmətlərin əməkdaşları "Ploşad vosstaniya" metrostasiyasında da partlayıcı qurğu aşkarlayıblar və onu zərərsizləşdiriblər. Həmin əldəqayırma qurğu 1 kq trotil gücündə olub.

"Metronun bütün istiqamətlərində sərnişin axını böyükdür. Lakin "Ploşad vosstaniya" metrosunda sərnişin axını daha böyükdür. Əgər partlayıcı qurğu işə düşsəydi, qurbanların sayı "Texnoloqiçeskiy İnstitut-2" stansiyasındakından çox olardı" -” deyə diaspor rəhbəri bildirib. Xatırladaq ki, ötən gün Sankt-Peterburq metrosunun "Sennaya ploşad" və "Texnoloqiçeskiy institut-2" stansiyalarında baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 49 nəfər isə xəsarət alıb. Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar "Terror aktı" maddəsi ilə cinayət içi açıb. İstintaq digər variantları da araşdırır.