Bakıda qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumatda bildirilir ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinin mehribanlıq və əmin-amanlıq şəraitində yaşadıqları bir zamanda bir neçə xəbər portalında qərəzli şəkildə araşdırma aparılmadan Bakı şəhərində xristian qəbiristanlığında dəfn olunan məzarların guya qəsdən kütləvi şəkildə dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin bilərəkdən oğurlanması barədə məlumat verilib.

Bununla bağlı araşdırma aparılan zaman polis orqanlarına bu barədə mart ayında cəmi iki vətəndaşın şikayət etdiyi məlum olub.

Sabunçu Rayon Polis İdarəsinə vətəndaş Dimitri Singin və Oleq Quryanov tərəfindən daxil olan şikayətdə qohumlarının Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda olan məzarlarının üzərindən dəmir barmaqlıqlar və xaçların oğurlanması barədə məlumat verib.

Sabunçu Rayon Polis İdarəsinin və 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Hümbət Kərimov saxlanılıb.

Saxlanılan şəxsin Balaxanı qəsəbəsindəki fərdi yaşayış evinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq götürülüb. H. Kərimov ilkin izahatı zamanı dəmir parçalarını satmaq niyyəti ilə oğurladığını bildirib.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DİN-in məlumatına qeyd olunur ki, istər paytaxtda, istərsə də regionlarında müxtəlif dinlərə məxsus olan çoxsaylı abidələrdə, maddi-mədəniyyət nümunələrində, o cümlədən qəbiristanlıqlarda dövlət hesabına yeri gəldikcə təmir-bərpa işləri aparılır. Həmin maddi-mənəvi abidələrin mühafizəsi isə daxili işlər orqanları tərəfindən etibarlı şəkildə qorunur.