Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında ölkə prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, ARDDA, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Unikal.org xəbər verir ki, bu barədə axtarış-xilasetmə qərargahının məlumatında bildirilir.

Məlumatda deyilir ki, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb. Tapılan meyitin, "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub-olmaması müəyyənləşdirilir. Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.