Nərimanov rayonu ərazisində iki yol qəzası baş verib.

Unikal.org "Qafqazinfoya istinadəən xəbər verir ki, qəza Ziya Bünyadov prospektində "Çermet körpüsünün girişində olub.

"Geely markalı 90 RD 351 dövlət nömrə nişanlı avtomobili idarə edən Əli Ramazanov idarəetməni itirərək maşını aşırıb. O, bildirib ki, buna səbəb qarşısındakı avtomobilin qəfil əyləcə basması olub. Ə.Ramazanov də həmin avtomobilə dəyməmək, qəzadan yayınmaq üçün istiqamətini dəyişib. Bu zaman maşın aşıb. Sürücü xəsarət almayıb.

İkinci qəza isə eyni yerdə, lakin yolun əks istiqamətində baş verib. Aşan maşına baxan minik avtomobilləri sürəti azaldaraq yolun ortasında dayanıblar. Bu zaman körpüdən əsas yola çıxan 10 TG 291 nömrəli 20 saylı marşrut avtobusu qarşısındakı 5 avtomobili sürüyərək yolun kənarına çıxarıb. Bu zaman 51 BC 837 nömrəli "VAZ 2104 markalı, 90 UJ 478 nömrəli "Mercedes markalı avtomobillərə ciddi ziyan dəyib. Digər maşınlar isə yüngül əzilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Araşdırma aparılır.