Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Beynəlxalq Bankın İdarə Heyətinin (İH) keçmiş sədr müavini vəzifəsində çalışmış Əsgər Məmmədov ifadə verib.
O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib. Ə.Məmmədov bildirib ki, kreditlər bank rəhbərliyinin göstərişi ilə ayrılıb. O, dindirilərkən D.Xəlilovun şirkətlərinə kreditlərin ayrılmasına Beynəlxalq Bankın İH-nin keçmiş sadr müavini, hazırda isə İH-nin müşaviri vəzifəsində çalışan Emin Mustafayevin göstəriş verdiyini qeyd edib. Şahid Beynəlxalq Bankın xaricdə olan layihələri barədə məlumatının olmadığını da vurğulayıb.
Daha sonra digər şahid Fuad İslamov dindirilib. O, hazırda Beynəlxalq Bankın baş direktoru vəzifəsində işlədiyini, E.Mustafayevin kreditlər üçün sənədləri hazırladığını deyib: "Həmin zaman bankda Kredit Komitəsinin üzvü idim. Komitənin qərarlarını imzalayırdım. Düzdür, biz qanunsuzluq etdiyimizi bilmirdik. Emin Mustafayev sənədləri hazırlayıb, göndərirdi və biz də qol çəkirdi. O, tapşırıq gəldiyini və buna görə də imza atılmalı olduğunu söyləyirdi. Kreditlərin verilməsini bizdən başqa idarə heyəti, məbləğ böyük olduqda isə müşahidə şurası yoxlayırdı".
F.İsmayılovun sözlərinə görə, kredit 50 mindən çox olduqda müşahidə şurası sənədləri mütləq yoxlamayıb: "Kreditlərin verilməsinin arxasında layihələr dururdu. Amma sonradan məlum oldu ki, layihələr olmayıb".
Məhkəmənin növbəti prosesi aprelin 13-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.
İttiham aktında göstərilib ki, D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.
Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınıb. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət büdcəsinə ödəməsi tələb olunur.
Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.
Xatırladaq ki, ötən il "Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.