Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanət etməkdə təqsirləndirilən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəməsinin növbəti iclası keçirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə məhkəmə istintaqının yekunlaşdırıldığı elan olunub.
Prokuror çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti iclası aprelin 13-nə təyin edilib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ötən il həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub.
Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Həmin ilin yanvar ayının 19-da isə Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
DTX-nın həyata keçirdiyi digər istintaq-əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Əhədov İnqilab Xəlil oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək 2011-ci ildən etibarən mütəmadi olaraq həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi və Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bununla əlaqədar İ.Əhədov DTX-nın İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq ötən il yanvarın 27-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Sonradan İ.Əhədovun həbs müddəti bir neçə dəfə uzadılıb.
Bu il yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Prosesdə hakim özü-özünə etiraz edib. Onun sözlərinə görə, cinayət işi ilə tanış olan zaman məlum olub ki, həmin iş üzrə istintaq DTX tərəfindən aparılıb. E.İsmayılov həmin iş üzrə istintaq qrupunda onun oğlu Emil İsmayılzadənin də olduğunu deyib: "Qanunvericilik bu işə mənim sədrliyimlə baxmağa imkan vermədiyi üçün özümə etiraz edirəm".
Məhkəmə heyəti etirazı təmin edib. Qərara əsasən, cinayət işi yenidən icraata verilməsi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə göndərilib.