Ağdaş rayon sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Nehrəxəlil kəndində baş verib.
Kənd sakini, 1987-ci il təvəllüdlü Anar Yusifov yaşadığı evin həyətində təsərrüfat işləri görərkən işlətdiyi "laqonda aparatı ilə metal kəsərkən ehtiyatsızlığa yol verib və onun üzərindəki kəsici alət qəflətən qırılaraq iki hissəyə bölünüb.
Nəticədə qırılan alətin bir hissəsi onun boyun və boğaz nahiyəsini kəsib. A. Yusifov təcili olaraq Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Cərrahiyyə əməliyyatı olunan A. Yusifovun həyatını xilas etmək mümkün olub. Çənəaltı vəzin və boyunun ön səthinin kəsilmiş-cırılmış yarası diaqnozu qoyulan xəstənin vəziyyəti hazırda orta ağır olaraq qalır.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.