Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirov hazırda Bakıdadır, evindədir.
Unikal.org xəbər verir ki, bu haqda onun vəkili Adil İsmayılov musavat-ın əməkdaşı ilə söhbətində bildirib. Vəkil deyib ki, hələlik müvəkkili ilə görüşməyib: "Aprelin 7-də azad olunub. Hazırda evindədir, gəlib-gedənləri var. Onunla hələ görüşməmişəm".
Vəkil Z.Nəsirovun sağlıq durumu haqda suala cavab verərkən deyib ki, müvəkkilinin bəzi sağlıq problemləri var. Onun ölkədən kənara çıxması, müalicəyə getməsi cəza müddətinin bitməsindən sonra baş tuta bilər. Bu səbəbdən də Z.Nəsirov 15 illik cəza müddəti tam bitənə qədər ölkədən çıxa bilməz.
General Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad olunub. Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general 2005-ci il iyulun 8-dən həbsdə idi. O, Hacı Məmmədovun dəstəsinə rəhbərlik etməkdə suçlanaraq, həbs olunmuşdu.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Zakir Nəsirov martda prezidentin sərəncamı ilə əfv olundu - onun ömürlük cəzası 15 illə əvəz edildi. Bundan sonra Zakir Nəsirov 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun 15 illik cəzanın dörddə üçünü çəkdiyini əsas gətirərək, vaxtından əvvəl həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Məhkəmə də müraciəti təmin edib, Z.Nəsirov 11 il 9 aylıq həbsdən sonra şərti azadlığa buraxılıb.
"Qara kəmər" işi üzrə həbs edilən Zakir Nəsirov ilk gündən ittihamları qəbul etmirdi, günahsız olduğunu dəfələrlə bəyan etmişdi. General hələ məhkəmədə çıxışında da bildirirdi ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almaq üçün onu həbs etdirib. Lakin tələb olunan ifadəni vermədiyinə görə əvvəlcədən də xəbərdarlıq edildiyi kimi, ömürlük həbslə cəzalandırılıb. Məhkəmələr isə, sanki, onun sözlərini eşitmirdilər. E.Mahmudov vəzifədən çıxarılandan sonra "Qara kəmər" işi üzrə əsas təqsirləndirilən Hacı Məmmədov vəkil tutub Ali Məhkəməyə müraciət etmişdi. O, məhkəmədə Z.Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur edildiyini açıqlamışdı. Amma Azərbaycanın Ali Məhkəməsi Hacı Məmmədovun şikayətinə baxışı mümkün saymadı. Z.Nəsirov azadlığa çıxa bilsə də, "Qara kəmər"in ağ yalanları bu gün də sona qədər araşdırılmamış qalıb.