Mehman Muradlı: "Əhalinin məşğulluğu, sosial təminatı və digər vacib məqamlar dövlətin nəzarətindədir

Ölkədə həyata keçirilən sosial iqtisadi siyasət günbə-gün öz müsbət nəticəsini verməkdədir. Əhalinin sosial cəhətdən ehtiyacı olan təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması yönündə reallaşdırılan tədbirlər də bəhrəsini verir.Bildiyimiz kimi, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasda çıxışı zamanı da sosial layihələrə xüsusi önəm verildiyini və bu istiqamətdən səylərin daha da artırılmasının vacib olduğunu vurğulayıb: "Sosial infrastruktur layihələri icra edilir. Mənə verilən məlumata görə, qəzalı məktəblərin yerində artıq modul tipli 3 məktəb tikilibdir və əlavə modul tipli 12 məktəbin tikintisi nəzərdə tutulur. Bu il və gələn il Azərbaycanda bir dənə də olsun qəzalı məktəb qalmamalıdır. Bakı şəhərində məktəblərin böyük əksəriyyəti artıq təmirlidir, yeni məktəblər tikilib, hələ ki, harada təmirə ehtiyac var, bu məsələlər də öz həllini tapır. Birinci rübdə 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Bu il iki Olimpiya kompleksi - Abşeron və Ağcabədi Olimpiya kompleksləri istifadəyə verilməlidir. Sosial proqramlardan biri də əhalinin tibbi müayinədən keçmə layihəsidir. Builki layihə gələn ay başa çatacaq. Beş milyon insan tibbi müayinədən pulsuz keçəcək. Əgər əvvəlki illərdə daha çox təbliğat işi aparılırdı ki, insanlar getsinlər, bu müayinədən keçsinlər, indi biz görürük, buna ehtiyac yoxdur. İndi vətəndaşlar da görürlər, bilirlər ki, bu, onlar üçün, onların sağlamlığı üçün lazımdır. Biz son illər ərzində bütün rayonlarda müasir tibb müəssisələri yaratdıq, ən müasir laboratoriyalar var. Burada ən müasir avadanlıq quraşdırılıb və indi istənilən analizi, müayinəni hətta kiçik rayonlarda da aparmaq mümkündür.
Ölkə başçısı onu da deyib ki, bölgələrdə məşğulluğun artırılması daim diqqət mərkəzindədir: "Mən bunu dəfələrlə demişəm ki, biz bu məsələni daim diqqətdə saxlamalıyıq. Çünki bizdə əhali artır, bu il də, gələn illərdə də artacaq və artan əhali üçün gələcəkdə yeni iş yerləri lazım olacaq. Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir. Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni, hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür. Bu il sahibkarlığın inkişafı ilə bağlı güzəştli kreditlərin verilməsi prosesi davam edir və 150 milyon manat məbləğində güzəştli kreditlər veriləcəkdir. Eyni zamanda, qeyd etməliyəm ki, son illər ərzində yenə də bizim siyasətimizə uyğun olan bir proses ondan ibarətdir ki, Azərbaycanda 32 iri fermer təsərrüfatı yaradılıb. Bu fermer təsərrüfatlarının əkin sahəsi 44 min hektardır. Hazırda 24 rayonda 142 min hektarda 33 aqropark yaradılır. Bu aqroparkların yaradılmasına xərclənən vəsait 1 milyard manat dəyərindədir. Bu 33 aqropark və bundan əvvəl yaradılmış 32 iri fermer təsərrüfatı məhsuldarlığın artmasına, daxili tələbatın ödənilməsinə və ixrac potensialının güclənməsinə çox böyük təsir edəcək. Xüsusilə nəzərə alsaq ki, bu aqroparklar və təsərrüfatlar müasir texnologiyalar əsasında qurulur. Biz xarici sərmayənin cəlb edilməsi ilə bağlı daha da fəal iş aparmalıyıq - həm dövlət orqanları, həm də yerli icra orqanları. Yerli icra hakimiyyətləri də sərmayə cəlb etməlidirlər. Onlar həm yerli, həm xarici iş adamlarını maraqlandırmalıdırlar ki, gəlib investisiya qoysunlar. Yerlərdən təşəbbüs daha da geniş vüsət almalıdır.
Bu barədə fikirlərini "Unikalla bölüşən İnformasiyalı CÓ™miyyÓ™t Uğrunda" İctimai Birliyinin rəhbəri, tanınmış hüquqşünas Mehman Muradlı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, özünüməşğulluq proqramı çərçivəsində işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə təminatı işləri davam etdirilir. Onun sözlərinə görə, ölkə başçısının bu istiqamətdəki səyləri xüsusi təqdir olunmalıdır. Müsahibimiz deyir ki, bu proqram insanların dövlətdən asılı deyil, öz işlərini qurması üçün daha qiymətlidir: "Son məlumatlara görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən artıq 21 rayon üzrə 269 nəfər işsiz və işaxtaran şəxsə aktivlər alınıb verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıb. Mənim də bildiyimə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi respublikamızın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərə mal və materialların alınıb verilməsi işlərini davam etdirir. Yaxın bir neçə gündə daha 120 nəfərdən çox şəxsə mal və materiallar təqdim olunacaq. Ümumilikdə 1500 nəfərə yaxın şəxsin ailə bizneslərini qurmalarına imkan yaradacaq proqramın icrası işlərinin yaxın aylar ərzində tam başa çatdırılması planlaşdırılır. Onu da nəzərə çatdırım ki, özünüməşğulluq proqramına cəlb olunanlar 2016-cı ilin 01 aprel tarixinədək Məşğulluq Mərkəzlərində işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlardır. Onlardan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən şəxslər biznesin təşkili ilə bağlı zəruri bilik və bacarıqlara yiyələnmək üçün iki aylıq təlim kurslarına cəlb olunublar. Kursları uğurla başa vuranların biznes-planlarının qiymətləndirilməsi zamanı həmin biznes-planlardan 80 faizi müsbət dəyərləndirilib. Uğurlu biznes-planların reallaşdırılması yolu ilə qeyd olunan şəxslərin ailə təsərrüfatlarını qurmaları, beləliklə, əmək qabiliyyətli ailə üzvlərinin özünüməşğulluğuna şərait yaradılması üçün onların mal və materiallarla təminatı həyata keçirilir. Təbii ki, Prezidentin son müşavirədəki tapşırıq və göstərişləri bu istiqamətdəki prosesi daha da sürətləndirəcək.M.Muradlı daha sonra bildirib ki, Azərbaycanda son illər həyata keçirilən sosial siyasət öz bəhrəsini verir. Onun sözlərinə görə, mövcud sosial siyasətin nəticəsi hər bir vətəndaşın həyatına təsir edir: "Bildiyiniz kimi, dünyanın bir çox ölkələrində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində sosial böhran var, iş yerləri bağlanır, qeyri-məşğul əhalinin sayı artır, pensiya və müavinətlərin məbləği aşağı düşür, amma Azərbaycanda bu problemlərin heç birini ciddi şəkildə müşahidə etmirik. Cənab Prezidentin söylədiyi kimi 6 ay ərzində ölkədə 78 min daimi iş yeri açılıb və ilin sonuna qədər bu qədər iş yerinin açılması gözlənilir. Bu da ölkə iqtisadiyyatının dayanıqlı və sabit inkişafından xəbər verir. Əmək haqları, pensiyalar vaxtında verilir, artımlar müşahidə olunur. Artıq gələn ilin dövlət büdcəsi hazırlanır, yəqin ki, gələn ilin büdcəsində də həm yaşayış minimumunun yüksəlməsi, həm də əməkhaqları və pensiyaların məbləğinin artırılması nəzərdə tutulacaq.

Müsahibimiz deyir ki, Azərbaycanda sosial-iqtisadi inkişaf davam etməkdədir. Onun fikrincə, qeyri-neft sektoru inkişaf edir, regionların inkişafı öz bəhrəsini verir: "Əhalinin məşğulluğu, sosial təminatı və digər vacib təminatları dövlətin nəzarətindədir. Dünya iqtisadi böhranı şəratində Azərbaycanda yeni iş yerlərinin açılması, mövcud əməkhaqqı, pensiya sistemində islahatların aparılması, yaşayış minimumunun artırılması və sahibkarlara ciddi dövlət dəstəyinin verilməsi, ümumilikdə sosial sferada aparılan müsbət işlər bir daha dövlətin öz daxili siyasətində sosial siyasətin prioritet olmasından xəbər verir. Uğurlu sosial siyasətin bariz göstəricilərindən biri Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və bu qurum vasitəsilə sosial evlərin tikilməsidir. Cənab Prezident Nazirlər Kabinetinin iclasında vurğuladı ki, Mənzil İnşaatı Dövlət Agentliyinin əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq.

Z.Məmmədli