Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulub. 

Unikal.org xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.

Bu qarşılaşmalardan sonra 2016/17 mövsümünün qalibi müəyyənləşib.

Əvvəlcə "Kəpəz"lə "Qəbələ" üz-üzə gəlib. Meydan sahibləri Avropa Linasına vəsiqə uğrunda mübarizə aparırsa, qonaqların çempionluq üçün nəzəri şansları var idi. Lakin Roman Qriqorçukun yetirmələri bu şansı da əldən verib. Oyun "Kəpəz"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da gəncəlilər xal hesabını 30-a çatdırıb və 4-cü pillə ilə fərqi 3 xala endirib.

Günün ikinci matçı isə "İnter"lə "Qarabağ" arasında keçrilib. Bürünc medalları təmin edən Bakı klubu bu oyunda qələbə qazanmaqla "gümüş" iddiasını ortaya qoya bilərdi. "Qarabağ" isə qələbə qazanmaqla sona iki tur qalmış çempionluğu bayram etmək niyyətində idi. Qurban Qurbanovun yetirmələri 3:0 hesablı qələbə ilə bu vəzifənin öhdəsindən gəlib. Beləliklə, "Qarabağ" 4-cü mövsümdə də özünü ölkə çempionu elan edib.

Qeyd edək ki, turun iki oyunu dünən baş tutub. "Zirə" - "Sumqayıt" oyunu 1:1 hesabı ilə yekunlaşıb, "Neftçi" AZAL-ı darmadağın edib. (qaynarinfo.az)