Dünən unikal.org saytında Əməkdar artist Cavanşir Məmmədov Bakıda yerləşən "Movida Plaza" şadlıq evində keçirilən toy mərasimindən çıxarkən arxadan zərbəyə tuş gəlməsi ilə bağlı yayılan məlumata Daxili İşlər Nazirliyi aydınlıq gətirib.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov unikal.org-a bildirib ki, martın 28-də Bakı şəhər sakini Cavanşir Məmmədov Xətai RPİ-nin 35-ci polis bölməsinə müraciət edərək şadlıq sarayında olarkən bir nəfərin ona qarşı xuliqanlıq hərəkətləri etdiyini bildirib: "Vətəndaşın müraciəti əsasında keçirilmiş müvafiq tədbirlər nəticəsində C.Məmmədova qarşı xuliqanlıq hərəkətləri törədənin əvvəllər məhkum olunmuş Cabir Həsənov olması müəyyən edilmiş və saxlanılaraq izahatı alındıqdan sonra sərbəst buraxılıb". Nazirlik rəsmisi Cavanşir Məmmədovun Cabir Həsənovun hadisədən sonra özünü bıçaqlaması barədə verdiyi açıqlamaya da münasibət bildirib: "Bəli, hadisədən sonra Cabir Həsənov özünə qarın nahiyəsindən yüngül xəsarət yetirib. Lakin xəstəxanaya müraciət etməyib. Bununla belə faktla bağlı Xətai RPİ-də araşdırmalar aparılır və nəticəsindən asılı olaraq qanuni qərar qəbul ediləcək".