Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 6 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elyar Bayramovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə E.Bayramov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror E.Bayramovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən il avqustun 31-də Sumqayıt yaxınlığında, Bakı-Quba magistral yolunun 44-cü kilometrliyində baş verib. 1976-cı il təvəllüdlü E.Bayramovun idarə etdiyi "Wolskvagen Passat markalı, 99-DZ-632 dövlət qeydiyyat nişanlı avtomobillə 1983-cü il təvəllüdlü Məmmədov Elnur İsfəndiyar oğlunun idarə etdiyi "VAZ-21102 markalı, 66-BS-663 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə "VAZ-21102 markalı avtomobilin sürücüsü, həmin avtomobildə olan sərnişinlər - 1982-ci il təvəllüdlü Tovuz rayon sakinləri Məmmədova Arifə Yunis qızı, 1979-cu il təvəllüdlü Quliyeva Şəfəq Musa qızı, 1973-cü il təvəllüdlü Qasımov Akif Yunis oğlu, həmçinin "Wolskvagen Passat markalı avtomobildə olan sərnişin - 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Rəhimov Ramil Adil oğlu hadisə yerində ölüblər.
"Wolskvagen Passat markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Abşeron rayon sakini Bayramov Elçin Yusif oğlu xəsarət alaraq Sumqayıt şəhər Mərkəzi Xəstəxanasına çatdırılsalar da, E.Bayramovu xilas etmək mümkün olmayıb.
Hadisədən sonra E.bayramov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.