Vallah, zəmanənin lap zayı çıxıb.
Artıq tək şou əhli, mütrüf-manıs çevrəsi, bəzi siyasət kəlməsinin hansı nitq hissəsinə aid olduğundan bixəbər "siyasətşünaslar" deyil, danaotaranlar, yumurta boyayanlar, aradüzəldənlər, falçılar və hətta kifayət qədər ciddi bir peşə sahibi olan bəzi hüquqşünaslar da gündəmdən düşməmək xətrinə sosial şəbəkələrdə "poz vermək", "tvit atmaq", "komment yazmaq", əlqərəz, mız qoymaq imkanından vaz keçə bilmirlər.Həmin o "papa"ğını günəverənlər cərgəsindən hüquqşünas deyəndə, heç şübhəsiz, Aslan İsmayılovu nəzərdə tuturam. Adamın savadına, təcrübəsinə, illah da ki, bəlağətinə sözüm yoxdur. Amma di gəl ki, ortalıqda yayılan hər iyə burun verməkdən özünü saxlaya bilmir. Olub yepyekə bir hərşeyşünas! Jurnalist həmkarlarım da ki, Allah insaf versin, Aslan bəyin divara vurulan hər mıxa bir "şapka" asmaq şakərini bildiklərindəndir ki, onun virtual aləmdəki "başmaqseyrlərini" qarabaqara izləyirlər.
* * *
Bir jurnalist kimi deyil, hüquqşünas kimi deyirəm: - A bəy, etmə, eləmə! Bu ittihamınız hakim-prokuror-vəkil təcrübəsinə malik bir hüquqşünasa yaraşan ifadə deyil. Ən azı, Konstitusiyanın 63-cü maddəsinə hörmət qoyun.
Siz istintaqı, ittiham aktı, nəhayət, məhkəmə hökmü olmayan bir məsələ ilə bağlı bu cür məsuliyyətsiz fikirləri necə səsləndirə bilirsiniz? Hədəfə aldığınız bir nəfəri deyil, çoxminli bir kollektivi törətmədiyi, yaxud sübut olunmamış bir cinayətdə ittiham etdiyinizin fərqindəmisiniz?
Bəlkə istəyirsiniz indi də bir "batalyon" jurnalist qələmini, kamerasını yerə qoyub sizinlə məhkəmə davasına çıxsın, məsuliyyətsizcəsinə çırtladığınız sözləri sizə qabıqlı-qabıqlı yedizdirsin?! İnanın ki, həmin kollektivdə buna qabil və qadir jurnalistlər az deyil.
O ki, qaldı həmin kanalın baxımlılıq məsələsinə, bu atmacanız da gözünü bağlayıb dünyanın qaranlıq olduğunu bağıran adamın "şüvənindən" başqa bir şey deyil.
Zatən, xəstə hissiyyat, qədim Çin sofistlərinin də söylədiyi kimi, cəmiyyətdəki sağlam çüçərtiləri görüb də dəyərləndirmək iqtidarında deyil. Nəinki AzTV-ni seyr edəndə, bütövlükdə Azərbaycan cəmiyyətinə baxanda taxdığınız o eynəyin optik şüşələrinin rəngini də, "minus"unu da bir qədər azaldın. Allaha xatir! Bilsəniz, yaşamaq Sizin üçün nə qədər maraqlı və zövqlü olardrı!.. * * *
Deyirsiniz ki, AzTV-nin sədri Arif Alışanovu kassir kimi tanıyırsınız. Hm! Əcəba, hansı kassada rastlaşmısınız? Bəlkə sizə hesabdar kimi pul sayıb verib? Hesabdar, maliyyəçi işləmək haçandan ayıb dəftərinə yazılıb?!
Məsələn, şəxsən mən o polis sənin, bu məhkəmə mənim adamları şantaj eləməyin, dövlətinin ünvanına orda-burda latayır söyləməyin, ağzını "Allah yoluna" qoyub ləyaqətli adamlara "vedrə" bağlamağın və s. hüquqşünasların leksikası ilə ifadə etsək, "hərəkət və hərəkətsizlikdə ifadə olunmuş" şərəfsiz əməllərə qol qoymağın ayıb olduğuna inanıram.
Məlum; siz "ezop"dilində ötürsünüz. Öz aləminizdə "mizrabı sarı simə" vurduğunuzu düşünürsünüz. Amma yenə də uğursuz! Çünki gözlərinizi qərəz örtüb, içiniz küdurət və hikkədən pas bağlayıb. Bir az xlor alın! Yuyunun! Təmizlənin!
* * *
O ki, qaldı hədəfə aldığınız kişinin "jurnalistikaya dəxlinin olmaması" ilə bağlı hökmünüzə...
Sizin elminizə, zehninizə, intellektinizə quzu kəsim! Məgər hər əlinə qələm, fırça, tişə, musiqi aləti alan yaradıcıdırmı?! Yaradıcılıq istər fəlsəfi anlamda, istərsə də felən məşğul olduğun hər hansı bir peşənin xiridarına, xəstəsinə çevrilməkdir. Sənətinin, məsləyinin sevdalısı, cəfakeşi olmaqdır. Bilmirəm, dediklərimi başa düşürsünüzmü? Siz ki, sovet təlim sisteminin yetirməsi olsanız da, hesabnan postmodern kadrolardansınız. Birinci şəxs menecer olmalıdır. Universal bilik və bacarıqlara sahib birisi olmalıdır. Əlalxüsus, müxtəlif peşələrin sintezi kimi ortaya çıxan TV yaradıcılığı məkanında.
Bəli, olmaya da bilər!
Ancaq xoşbəxtlikdən bu gün bəyənmədiyiniz AzTV-də hökm sürən sağlam yaradıcılıq ovqatı, qıyılmış və bədxah deyil, açıq və şəfqət dolu gözlərlə sezilə biləcək yeniliklər, eləcə də efirdə vətəndaşlıq hüququ qazana bilən kreativ layihələr bu kanala rəhbərlik sükanının yüksək yaradıcılıq potensialına və mükəmməl menecer vərdişlərinə malik bir şəxsə etibar edildiyindən xəbər verir. O başqa məsələdir ki, bu bəzilərinə sərf eləmir.
* * *
Əlqərəz, Aslan bəyin ortalığı tozanağa çevirmək qəsdinin nədənləri məlumdur. Adam Qulu Məhərrəmliyə vəkillik eləmək istəyir. Amma neynəsin ki, cübbəsini əlindən alıblar, dili də ki, dilçəyində "səkkizlik" vurur. Mənim inandığım budur ki, kim olursansa ol; jurnalist, məmur, müəllim, həkim, hakim və s. – götürə bilməyəcəyin daş üçün əyilmə! Yenə bilməyəcəyin iddianın altına girmə! Yeyə bilməyəcəyin sözü ağzına alma! Yəni, indi Qulu müəllimin özü ya söylədiyi təhqirlərin cavabını verməlidir, ya da ki, cavabını verəcək! Hərənin gündə bir bulaşıq çömçə kimi ortalığa atılıb qazan dibi dınqıldatmasının yeri yoxdur.
* * *
Bədahətən başladığım yazıya nöqtə qoyub virtual məkanın gecə xəbərləri ilə tanış olmaq istəyirdim ki, ölkənin özünü ziyalı adlandıran kəsiminin nümayəndələrindən şair Musa Yaqubun eyni mövzu ilə bağlı yekə bir "traktat"ına təsadüf etdim. Desəm ki, təəccübləndim, xeyr! Sadəcə, təəssüfləndim. Yadıma "Bəxtiyar" filmindən məşhur bir səhnə və Gəray bəyin replikası düşdü.
Zatən, yaxın keçmişlərdə, hələ canının sulu vaxtlarında müxtəlif məclislərdə çox qəribə vəziyyətlərdə gördüyüm Musa Yaqub içimdəki şair Musa Yaqubu çoxdan dəfn etmişdi. İndi baxıram ki, gündə 70 dəfə mövqe dəyişən bu ixtiyar, ahıl adam da "dilə gəlib".
Amma öz dili ilə danışmır. Nöqtəsinə, vergülünədək başqasının fikir dəzgahından çıxan yazıya, sadəcə, imza atıb. Şairin AzTV-nin yaradıcılıq mətbəxi, efir siyasəti barədə söylədikləri isə ümumiyyətlə son illər bu televiziya kanalını izləmədiyindən xəbər verir. Oysa, sinninin verdiyi imkandan istifadə edərək yanan ocağa səfalı Buynuz kəndində az qala qapısının yanından axan Göycayın sərin suyundan bir bardaq səpsəydi...
* * *
Bəşər tarixi ölkələr və insanlar arasında sonsuz müharibə faktını tanımır.
Hər şeyin haçansa sakitləşdiyi, dincəldiyi, sülhə başqa alternativ tanımadığı an gəlib yetişir. İndi bu məsələdə də ağsaqqal-qarasaqqal yığışıb tərəfləri barışdırmaq, Qulu müəllimə, doğrudan da, məlum yazısında təhqirə yol verdiyi üçün ilk addımı özünün atmalı olduğunu anlatmaq əvəzinə hissi hikkəyə, qığılcımı tonqala, incikliyi nifrətə çevirməklə məşğuldurlar. Özgəsinin problemi ilə özünü piar etmək istəyənlərə ar olsun.P.S. Heç şübhəsiz, sonunda məhkəmə perspektivi yaradan münaqişə ilə bağlı özəl fikirlərim var. Tərəf olmayım deyə onları bölüşməyəcəyəm. Amma üç onilliyi geridə buraxmış jurnalist fəaliyyətimdə bir qızıl prinsipə dəyər vermişəm: bir kimsənin başqasının ləyaqəti, heysiyyəti və şəxsiyyəti ilə oynamağa haqqı yoxdur. Hələ o söz adamıdırsa... Söz xuliqanı küçə xuliqanından daha ciddi cəzalanmalıdır. Ki, başqalarına da dərs olsun!
P.P.S. Xristianların müqəddəs kitabında özünə rəva bilmədiyini başqalarına rəva görənlərə və bir də ki, ələkçinin qıl verənlərinə ünvanlanmış müdrik bir nəsihət var: - Mühakimə etməyin ki, mühakimə olunmayasınız!
Xalid NİYAZOV