Ermənistan qoşunların təmas xəttində növbəti dəfə təxribat törədib, Azərbaycanın mövqelərinə hücum çəkib.
Unikal.org xəbər verir ki,  bu barədə Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla baş tutan telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib, qarşı tərəf lazımi cavabını alıb.

Qeyd edək ki, Türkiyə prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib. Rəcəb Tayyib Ərdoğan Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib.

Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib və təşəkkür edib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman dəstəyinə görə minnətdarlığını çatdırıb, qardaş Türkiyə xalqına dərin hörmətini ifadə edib.