Azərbaycan XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədə yaranmış son gərginliklə əlaqədar İsrailin İ24 xəbər kanalına və Türkiyənin NTV telekanalının canlı efirinə çıxıb.
Unikal.org-a Azərbaycan XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, Hikmət Hacıyev cəbhədəki vəziyyət barəsində məlumat verib və bildirib ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin gərginləşməsinin əsas səbəbidir. Ermənistan bu kimi təxribatçı addımlarla vəziyyəti gərginləşdirmək və nəticə etibarilə, münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək məqsədi güdür. Bu kimi halların qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Hikmət Hacıyev Ermənistanın təxribatçı əməlləri nəticəsində cəbhənin Tərtər istiqamətində bir nəfər mülki şəxsin öldüyü, digərini isə ağır yaralandığı haqqında məlumat verib. Əlavə edib ki, qoşunların təmas xəttində Azərbaycan tərəfdən mülki insanlar sıx şəkildə yaşasalar da, əks tərəfdə mülki insanlar yoxdur. Çünki onlar etnik təmizləməyə məruz qalıblar. Ermənistan da hər hansı fərq qoymadan hərbi və mülki obyektləri hədəfə alır.