"Amerika Birləşmiş Ştatları (ABŞ) Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəsin pozulmasını qəti şəkildə pisləyir".
Unikal.org-un ans press-ə istinadən məlumatına görə, bu bəyanatı ABŞ dövlət katibi Con Kerri səsləndirib. Onun sözlərinə görə, ölkəsi Qarabağda təmas xətti boyunca atəşkəsin genişmiqyaslı şəkildə pozulmasını ən sərt şəkildə pisləyir:
"Atəşkəsin pozulması insan itkiləri, o cümlədən dinc əhalinin həlak olması ilə nəticələnib. Biz bütün tərəfləri təmkinli olmağa və atəşkəsə riayət etməyə çağırırıq. Bir daha qeyd edirik ki, münaqişənin hərbi yolla həlli mümkün deyil. ABŞ həmsədr ölkə olaraq, sabit və razılaşdırılmış sülhə nail olmaq üçün tərəflərlə birgə işləməyə hazırdır. Bölgədə olan qeyri-sabitlik, tərəflərin niyə məhz ATƏT-in Minsk qrupunun xətti ilə dərhal danışıqlara başlamalı olduğunu göstərir", -deyə bəyanatda bildirilib.
Aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Bu təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.