Aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələr Yaponiya mediasının da diqqət mərkəzindədir.
Unikal.org AzərTac-a istinadən xəbər verir ki, ölkənin "NHK", "FHN news", "TBS news", "Mainichi Shimbun", "NNN news", "JNN news" kimi nüfuzlu KİV-ləri cəbhə xəttində yaranan gərginlik barədə son məlumatları yayıblar.
Məlumatlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu və keçmiş Sovet ittifaqının dağılması ərəfəsində Ermənistan tərəfindən faktiki işğal edildiyi vurğulanır. Azərbaycan Müdafiə Nazirliyinə istinadla təxribatın məhz Ermənistan tərəfindən törədildiyi və qarşıdurma nəticəsində 100-dən çox erməni əsgərinin məhv edildiyi bildirilir.
Qeyd edilir ki, atəşkəs haqqında 1994-cü ilin mayında əldə edilmiş razılaşmadan sonra bu, tərəflər arasında baş verən ikinci belə böyük qarşıdurmadır.