Rəsmi Minskin Qarabağ münaqişəsində tutduğu mövqedən narazı qalan Ermənistan Belarusun bu ölkədəki səfirini XİN-ə çağırıb.
  
 
Unikal.org-un məlumatına görə, Qafqazindo Ermənistan KİV-nə istinadən xəbər verir ki, rəsmi İrəvan Belarusun cəbhə xəttindəki gərginliklə bağlı mövqeyindən dərin çaşqınlıq keçirdiyini səfir İqor Nazaruka çatdırıb.

Görüş zamanı Ermənistan Xarici işlər nazirinin müavini Şavarş Koçaryan səfirə aprelin 2-si Belarus XİN-in yaydığı bəyanatdan narazılığını ifadə edib. Nazaruka bildirilib ki, məlum bəyanat Ermənistan-Belarus əlaqələrinin ruhuna ziddir.

Qeyd edək ki, Belarusun Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı açıqlamasında bildirilirdi ki, ATƏT-in Minsk qrupuna üzv ölkə kimi Belarus davamlı olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, ilk növbədə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına riayət edilməsi və bunların təmin olunması prinsipləri, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in qərarları əsasında sülh yolu ilə həllinə tərəfdar çıxır.