"Dədəsinə verdi ki, ay papa, sənə telefon almışam"
"Papa da sağ olsun, oğlunu tutdurdu"
Binəqədi polisi iki oğurluq hadisəsinin üstünü açıb.
ARB Kəpəz xəbər verir ki, paytaxtda Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları 2 oğurluq hadisəsinin üstünü açıblar.
Təxminən 2 ay bundan əvvəl Gəncə şəhər sakini 34 yaşlı Azər Səmədov tanışları Mahir Aşırov və Ruslan Qasımovla əlbir olaraq Biləcəri qəsəbəsində vətəndaşa məxsus həyət evindən 10 min manat dəyərində qızıl-zinət əşyaları və 3 ədəd mobil telefon oğurlayıb. Binəqədi Rayon Polis İdarəsinin əməliyyatçıları hər 3 şəxsi saxlayaraq, istintaqa təhvil veriblər.
Azər Səmədov dindirilərkən oğurlanan qızılların əksər hissəsinin Mahir və Ruslan tərəfindən satıldığını bildirib. Boyunbağılardan birini tanışlarından gizli saxlayan Azər onu özü 1400 manata satıb.
Azər Səmədov - saxlanılan şəxs: " "Reşotka"nı qırıb evə girdim, qızılları götürdüm, 3-4 dənə də telefon. Qızılları verdim ki, apar sat. Qızılları satıb gəldi ki, 1000 manat pul çıxıb. 300 mənə verdi, 300 Ruslana, 300-ü də özü götürdü. Gəldim kimliyimlə də sepi satdım. Alan adam soruşdu ki, oğurluq deyil? Dedim ki, yox, sən öl, görmürsən kimliyimlə satıram. Dedim, nə danışırsan, mən oğruya oxşayıram? Aldatdım o yetimi də. Telefonlardan birini tulladım. İkisini də o, götürdü, dedi ki, "əridəcəm". Dedim, Allah köməyin olsun, götür ərit. Bu da "əritdi". Apardı verdi dədəsinə ki, ay papa, sənə telefon almışam, işlət. Papa da sağ olsun, oğlunu tutdurdu, oğlu da qardaşını, o da Ruslanı, Ruslan da məni".
Binəqədi polisi paytaxtın müxtəlif rayonlarında silsilə oğurluqlar törətmiş Ülvi Hacıyev, Kamran Əliyev və Fərizə Heydərovanı da saxlayıb. Ülvi Hacıyev istintaqa oğurluqların hamısını özünün planlaşdırıldığını etiraf edib.
Bundan əvvəl də eyni əməllərə görə, Sabunçu rayonunda saxlanılan və məhkəmənin qərarı ilə barəsində ev dustağı cəzası verilən Ülvi Kamran və Fərizəni ətrafına toplayaraq cinayət əməllərini davam etdirib.
Taksi fəaliyyəti ilə məşğul olan Kamran Əliyevin işi isə ortaqlarını lazımi ünvanlara aparmaq olub.
Saxlanılan şəxslər oğurluq yolu ilə əldə etdikləri qənimətlərin əksəriyyətini satsalar da, bir qismi götürülərək sahiblərinə qaytarılıb. Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.