Dünyanın ən kök adamı mayın 9-da mədəsinin şuntlanması üzrə əməliyyat olunacaq. 600 kiloqram çəkisi olan 32 yaşlı meksikalı Juan Pedro Franko artıq 7 ildir ki, yatağından qalxa bilmir. O, Qvadalaxara şəhərindəki klinikaya xüsusi furqonla gətirilib.
Həkimlər əməliyyatdan sonra Juan Pedro Frankonun çəkisinin azı iki dəfə azalacağına ümid edirlər. O, cərrahi müdaxiləyə hazırlıq zamanı 3 ay sərt pəhriz saxlayaraq 175 kiloqram arıqlayıb.
Meksikalı hələ uşaq vaxtından kökəlməyə başlayıb. Artıq 6 yaşında çəkisi 60 kiloqrama çatan Juan Pedro avtomobil qəzası və ağır pnevmoniyadan sonra bir il yataq xəstəsi olub. Bu müddətdə onun çəkisi 220 kiloqrama çatıb. Ötən il xəstəliklərinin üzərinə diabet də gəlib.
Juan Pedro həkimlərin onu normal həyata qaytaracağına və yenidən rəqs edəcəyinə, həmçinin sükan arxasında oturacağına inanır.