Ev üstündə mübahisə etdiyi arvadını ov tüfəngi ilə vuran şəxs aldığı 9 il 3 aylıq cəzadan narazı qalaraq apellyasiya şikayəti verib. O, arvadını öldürmək niyyətində olmadığını, silahın ehtiyatsızlıqdan açıldığını deyib. Cəzasının azaldılmasını istəyən şəxsi güllələnən həyat yoldaşı da bağışlayıb. Zərərçəkmiş qadın ailəsinin dağılmaması üçün şiakyətini geri götürüb və həyat yoldaşının azadlığa buraxılmasını istəyib.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, arvadını öldürmək məqsədi ilə ov tüfəngi ilə güllələməkdə təqsirləndirilən 1967-ci il təvəllüdlü Tahirov Seyran Malik oğlu barəsində çıxarılan cəzadan narazı qalıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı 9 il 3 ay azadlıqdan məhrum etmə cəzasından apellyasiya şikayəti verib.
Seyran Tahirov Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 131.1-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddələri ilə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
S.Tahirov aldığı cəzadan verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə baxılıb.
S.Tahirov apellyasiya şikayəti verərək hökmün ləğv edilərək ona aşağı cəza verilməsini məhkəmədən xahiş edib. Əsas olaraq isə arvadını öldürmək niyyətinin olmamasını və hadisə zamanı onun yüngül xəsarət almasını göstərib.
Bu iş üzrə açılmış cinayət işi materiallarında qeyd edilir ki, Seyran Tahirovun 1994-cü ildən rəsmi nikaha girdiyi Məhbubə Tahirova ilə aralarında tez-tez mübahisələr yaranırmış. Mübahisələrin çoxu ailə-məişət münasibətləri zəminində baş verirmiş.
Ər-arvad arasındakı qanlı cinayət hadisəsi baş verməzdən bir müddət əvvəl S.Tahirov evdən ayrılaraq qardaşının yanında yaşamağa başlayıb. Sonra o, arvadından birgə yaşadıqları evi tərk etməsini tələb edib. Ancaq Məhbubə Tahirova Seyranın bu təklifini rədd edib. Bu səbəbdən onlar arasında yenidən mübahisələr baş verib.
M.Tahirovanın təklifini rədd etməsindən qəzəblənən S.Tahirov ov tüfəngini götürərək arvadının yaşadığı evin yanına gəlib. Məhbubə Tahirovanın səhər saat 7-də işə gedəcəyini bildiyi üçün məhəllədə onu gözləyib.
M.Tahirova küçəyə çıxıb işə gedərkən ona dalbadal iki dəfə atəş açaraq, kürəyindən vurub. Silah səsinə küçəyə çıxan qonşu Validə İsmayılova yaralını öz həyətinə gətirərək təcili yardıma zəng edib. Seyran Tahirov isə hadisə yerindən qaçıb.
Araşdırma zamanı məlum olub ki, S.Tahirovun açdığı ikinci atəş nəticəsində küçədə olan məhəllə sakini Elşad Rzayev də ayağında yaralanıb.
Apellyasiya Məhkəməsinin iclasında məhkum S.Tahirov ifadə verərək deyib ki, arvadını öldürmək və ya ona atəş açmaq niyyəti olmayıb. O, deyib ki, hadisə baş verən gün səhərə yaxın saat 5 radələrində tüfəngi ilə göl başına ova gedibmiş. Ovda olarkən təqribən bir saat ərzində iki ədəd qaratoyuq quşu vurmaq üçün cəmi iki ədəd patrondan istifadə edib. Sonra silahı boşaltmağı unudub.
S.Tahirov ifadəsində əlavə edib ki, hava işıqlanan ərəfədə həmin küçə ilə ovdan qayıdarkən həyat yoldaşı M.Tahirovanın evdən çıxıb küçə ilə işə getdiyini görüb.
S.Tahirov deyib ki, həyat yoldaşı Məhbubə Tahirovanı arxadan səsləyərək onunla söhbət etmək istəyib. Amma arvadının ona qarşı saymamazlıq etməsinə əsəbləşib:
"Mənə cavab vermədi. Mən də onu qorxutmaq istədim. Tüfəngdə patronların olmadığını fikirləşib, silahın lüləsini ona tərəf çevirdim. Məhbubəni növbəti dəfə çağıranda tətiyi çəkdim. Bir də gördüm ki, Məhbubə yaralandı. İkinci gülləni boşaltmaq üçün havaya atəş açdım. Artıq özümü itirmişdim. Sonra qonşu həyətə çıxdı. Digər şəxsin yaralanmasından isə xəbərim olmayıb. Sonradan bunu bilmişəm. Həyəcanlı şəkildə qardaşımın evinə qayıtdım. Polislər gələndə də hər şeyi etiraf etdim.
Zərərçəkmiş Məhbubə Tahirova isə ərinin məsuliyyətini yüngülləşdirmək və ailəsinin dağılmaması üçün onun azad olunmasını məhkəmədən xahiş edib.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edib ki, cinayət törətmiş şəxsin əməlinin tövsifi zərərçəkmiş şəxsin aldığı xəsarətlərin dərəcəsi ilə deyil, xəsarət yetirənin niyyəti ilə müəyyən edilir. Belə ki, cinayət işinin materialları ilə məhkum S.Tahirovun niyyətinin zərərçəkmiş şəxs M.Tahirovanı ümumi təhlükəli üsulla öldürmək olması öz təsdiqini tapıb.
Sumqayıt Apellyasiya Məhkəməsinin yekun qərarı ilə S.Tahirov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilən cəza 9 ay azaldılıb.
Cəzanın yüngülləşdirici halı isə zərərçəkmişlə təqsirləndirilən şəxs arasında barışın olması göstərilib.