Bu gün Qafqaz Müsəlmanları İdarəsində Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyilə din xadimləri ilə iclas keçirilib.
Unikal.org-a daxil olan məlumata görə, iclasda QMİ sədri son günlər cəbhə xəttində baş verən hadisələr zamanı şəhid olmuş həmvətənlərimizin ruhları üçün Allahdan rəhmət diləyib. O bildirib ki, bu günlər Azərbaycanın bütün məscidlərində şəhidlərimizin əziz xatirəsinə dualar oxunur, ruhları yad edilir, yaralıların tezliklə sağalması dilənir.
Şəhidlərimizin layiqli şəkildə dəfni və dini vacibatlarının yerinə yetirilməsi ilə bağlı QMİ-nin nəzdində aprel ayının 2-dən etibarən xüsusi komissiya-qərargahın yaradılması ilə bağlı məlumat verən Şeyxülislam A.Paşazadə paytaxtda və bölgələrdəki məscidlərə, bilavasitə qazılara, axundlara qəhrəman şəhid övladlarımızın şəninə uyğun şəkildə şəri məqamların yerinə yetirilməsi ilə bağlı bütün məsələlərin həll olunması, şəhidlərin ailələri ilə bərabər əzadarlıq və dəfn mərasimlərində iştirak etmələri tapşırılıb.
İdarə rəsmiləri və yerlərdəki səlahiyyətli nümayəndələr bu işə nəzarəti həyata keçirəcəklər. Bundan başqa, iclasda dinimizin şəhidlərə verdiyi dəyər barədə moizələrin edilməsi barədə tövsiyələr verilib.