Qaynını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Təhmasib Fərəcovun cinayət işi üzrə məhkəməsi başlayıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən Təhmasib Fərəcov özünü qismən təqsirli bilib.

Məhkəmə ona sərbəst ifadə vermək təklif edib.

Prosesdə dindirilən Təhmasib Fərəcov bildirib ki, Rövşən Cəfərovun bacısı Mahirə ilə 2 ildən çox evli olub: "Mahirə ilə ər-arvad kimi yaşamışıq. Qardaşları ilə də münasibətlərimiz yaxşı olub. Yaxşı gündə, pis gündə bir-birimizə dayaq olmuşuq. Kombi, su qızdırıcı ustasıyam. Rövşənə su qızdırıcısı satmışdım. Gəlib dedi ki, işləmir. Mən də usta adamam. Dedim ki, gəl evimdəki su qızıdırıcısını apar, mən özümünkünü düzəldərəm".

İfadəsini davam etdirən təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü qaynı onlara gəlib: "Mahirə də evdəydi. Başladı ağzına gələni danışmağa. Məni pis-pis söyüşlərlə təhqir elədi. Özümdən çıxdım. Hətta ona iki dəfə xəbərdarlıq elədim ki, çıx get, əlimdən xəta çıxacaq. Lakin o, buna əməl etmədi. Söyüşlərini söyməyə davam elədi. Mən də yan otağa girib tort kəsdiyimiz bıçağı götürüb, üstünə gəldim. Qorxutdum ki, getsin. Üstünə gedəndə yenə söyüş söydü. Mən də vurdum. Sonra Rövşən qaçıb getdi. Mən də bıçağı dəhlizdə Mahirəyə verib dedim ki, deyəsən, qardaşını vurdum. Dedim ki, zəng elə görək hanı? Yarım saat sonra zəng edəndə telefona polis cavab berdi. Məni 34-cü polis bölməsinə çağırdılar. Gedib günahımı etiraf etdim".

Prokurorun suallarına cavablandıran təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra peşman olub: "İt kimi peşmanam, onun da balaları, mənim də balalarım başsız qaldı. Onu öldürmək kimi bir niyyətim yox idi".

Prosesdə zərərçəkmişin hüquqi varis kimi tanınan Şahnaz Cəfərova ərinin qatilinə sualla müraciət edib: "Təhmasib, sən bilirsən ki, mən sənin xətrini necə çox istəyirdim. Axı niyə öldürürdün? Uşağı var idi axı. Öldürməzdin, ən azından şikəst edərdin".

Təhmasib Fərəcov isə sualla cavab olaraq bildirib ki, hadisə istəmədən olub: "Mən də sizin xətrinizi çox istəmişəm. Amma hadisədir. Özümdən çıxıb törətmişəm".

Prokuror həmçinin Təhmasib Fərəcova Mahirə ilə niyə rəsmi nikaha girmədiyini də soruşub.
O bildirib ki, şəxsiyyət vəsiqəsinin vaxtı keçdiyindən rəsmi nikaha daxil olmayıblar: "İkimiz də boşanmışdıq. Amma Mahirə ərinin soyadında idi. Sonra da onun şəxsiyyət vəsiqəsinin vaxtı keçmişdi. Şəxsiyyət vəsiqəsini dəyişmək üçün rayona getdik. Şəxsiyyət vəsiqəsi aldıq. Nigaha düşəcəkdik".

Təqsirləndirilən şəxs ona irəli sürülən ittihamın ağır olduğunu deyib. O bildirib ki, nə ölən şəxsə, nə də həyat yoldaşına əzab vermək istəyi olmayıb: "Kim öz ailəsinə əzab vermək istəyər? Mənim onu öldürmək niyyətim yox idi".

Prosesdə dindirilən zərərçəkmişin hüquqi varisi, mərhumun arvadı Şahnaz Cəfərova dindirilib. Hüquqi varis hadisəni görmədiyini deyib: "Heç vaxt aralarında problem yox idi. Son bir neçə gündə su qızdırıcı üstündə mübahisə edirdilər. İsti su olmadığı üçün Rövşən də əsəbləşirdi. Dəfələrlə buna görə mübahisələri olub".
Prosesdə şahid qismində hadisəni görən yeganə şəxs olan Mahirə Cəfərova da dindirilib. O, ifadəsində qeyd edib ki, hadisəyə səbəb su qızdırıcısı olub: "Qardaşım Rövşən dəfələrlə Təhmasibə deyirdi ki, gəl, su qızdırıcısını düzəlt. Hər dəfə bir bəhanə ilə uzadırdı. Həmin gün Rövşən bizə gəldi. Mübahisə elədilər. Birinci söyüşü qardaşım söydü. Amma Təhmasib onu qıcıqlandırırdı. Deyirdi ki, səni tutduracam. Böyük qardaşıma zəng elədim. Dedim, dava düşüb. Sonra Təhmasib otaqdan bıçaq götürüb qardaşıma tərəf qaçdı. Mən də qışqırdım ki, ay Allah, başıma daş düşdü. Mən yalvardım ki, vurmasın. Sonra bıçağı gətirdi, Rövşəni vurdu. Mən o vaxta qədər qardaşımın bıçaqlandığını bilmirdim"..

Prokuror sualına cavab verən Mahirə Cəfərova bildirib ki, əri olan Təhmasib heç zaman onu döyməyib, işgəncə verməyib: "Təhmasib nə mənim qohumlarıma, nədə öz qohumlarına pis olub".
Prosesdə daha bir neçə şahid dindirilib.

Məhkəmə mayın 18-də davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayının 4-də Xətai rayonunda baş verib. Naxçıvan şəhər sakini T.Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsinin (RPİ) 34-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən R.Cəfərovla hadisəni törədən T.Fərəcov qayın-yeznə olub.

Yanvarın 4-də bayramlaşmaq üçün bacısıgilin Xətai rayonunda kirayə yaşadığı mənzilə gələn 35 yaşlı R.Cəfərov burada yeznəsi T.Fərəcovla dalaşıb. İçkili vəziyyətdə olan R.Cəfərovun sakitləşmədiyini görən T.Fərəcov onu bıçaqlayaraq öldürüb.

T.Fərəcov ilkin istintaq zamanı qaynını söyüş söydüyünə görə vurduğunu deyib. Hadisə vaxtı R.Cəfərovun bacısı da evdə olub.