"Əgər sizinlə danışan Çingiz Abdullayevin kitabı 32 dilə tərcümə olunubsa, deməli bizim gələcəyimiz var.

Bu fikirləri Unikal.org-a Çingiz Abdullayev deyib. O, qeyd edib ki, gənclərimiz kitab oxumasa, gələcəyimiz sual altında ola bilər:

"Azərbaycanda kitab oxuyan, şairlər, yazıçılar var. Amma bunların sayı məni qane etmir. Mən istəyirəm kitab oxuyanların sayı daha çox olsun. Əgər sizinlə danışan Çingiz Abdullayevin kitabı 32 dilə tərcümə olunubsa, deməli bizim gələcəyimiz var. Mən bunu qəsdən deyirəm ki, insanlar kitab oxusunlar. Əgər gənclərimiz kitab oxumasa, gələcəyimiz sual altında ola bilər".

Ç.Abdullayev televiziyları kitab təbliğatı ilə məşğul olmadıqları üçün tənqid edib:

"Dəfələrlə müraciət etmişəm. O vaxt televiziyalardan biri məni 4 dəfə Əkrə Əyilislinin yazdığı kitabın müzakirəsinə çağırmışdı. Mən isə onlara dedim ki, bu axmaq kitabın müzakirəsinə son qoysunlar. Yaxşı kitabları müzakirə etmək lazımdır. Bir dəfə olsun məni hansısa yaxşı bir kitabın müzakirəsinə çağırmayıblar. Bəyəm, son 20 ildə millətin bir dənə də yaxşı kitabı olmayıb? Axmaq kitaba görə məni televiziyaya 4 dəfə çağırıblar ki, danış, onu pislə. Mən də pisləmirəm. Hər zaman demişəm ki, əgər yazıçı dövlətlə toqquşursa udacaq. xalqla toqquşursa, uduzacaq.

Dünüən sosial şəbəkələrdə yayılan video ilə bağlı danışan Çingiz Abdullayev bildirib ki, fikirləri düzgün anlaşılmayıb:

"Mən çıxışımda bildirmişəm ki, maqazinlər satılıb, torpaqlar yox. Azərbaycan torpaqları düşmən ordusu tərəfindən işğal olunub. Ordumuz gec-tez bu torpaqları almaq üçün əlindən gələni edəcək. Bunun üçün bizim güclü əsgərimiz, ordumuz, dövlətimiz olmalıdır. Güclü olmaq üçün də savadlı-bilikli olmaq vacibdir. Əgər bu olmazsa, heç nəyə nail ola bilmərik.

Amid Əyyuboğlu