Xarici ölkələrdə yaşayan gənc diaspor nümayəndələri son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması, Azərbaycanın cəbhəboyu və təmas xəttinə yaxın olmayan yaşayış məntəqələrinin və mülki obyektlərinin intensiv atəşə tutulmasından və dinc əhalinin qətlə yetirilməsindən dərin narahatlıqlarını ifadə edən bəyanat ünvanlayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən məlumata görə, bəyanatda deyilir: "Dünya ictimaiyyətinə və beynəlxalq qurumlara üz tutaraq bəyan edirik ki, beynəlxalq hüququn prinsiplərini, xüsusilə də insan hüquqlarını kobud və kütləvi şəkildə pozan Ermənistan dövlətinin özbaşınalığının nəticəsidir ki, bu gün ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında hegemonluq edir və müntəzəm olaraq atəşkəs rejimini pozurlar".
Bununla yanaşı, bəyanatda Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi olaraq həyata keçirilən təxribat və diversiya aktları, xüsusilə də mülki əhalinin qəsdən qətlə yetirilməsi, vətəndaşlara məxsus əmlakın məhv edilməsi qeyd olunaraq bir daha adıçəkilən dövlətə qarşı qəti sanksiyaların tətbiq olunmasının vacibliyi vurğulanıb.
Bəyanatda, həmçinin gənc diaspor nümayəndələri Azərbaycan Ordusunun hər qələbəsinə sevindiklərini bildirərək, döyüş tapşırığını yerinə yetirərkən cəsarət və şəxsi igidlik göstərərək şəhid olan Milli Ordumuzun əsgərlərinə Allahdan rəhmət, yaralılara isə şəfa diləyiblər.
Sonda isə gənc diaspor nümayəndələri vurğulayıblar: "Bir daha bəyan edirik ki, Qarabağda gecikməkdə olan ədalətin bərpa olunması naminə hər an Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılmağa hazırıq. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin əmrini səbirsizliklə gözləyirik".
Qeyd edək ki, bəyanat dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənc diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri - Macarıstandan İbrahim Səfərli, Rumıniyadan İqbal Hacıyev, Latviyadan Amil Səlimov, həmçinin Latın Amerikadan Mahir Qurbanov, Amerikanın Orta Qərb Ştatlarından Mehriban Məmmədova, Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya Federasiyası nümayəndəsi Toğrul Allahverdili, o cümlədən Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Ukrayna nümayəndəsi Xəzri Elxanoğlu, Gürcüstandan Nərgiz Əliyeva, Parisdən Mirvari Fətəliyeva, Misirdən Ramil Niftaliyev, Kahramanmaraşdan Tural Şahbazlı, Moskvadan Şamil Tağıyev, Çex Respublikasından Əbdül Əliyev, Almaniya Federativ Respublikasından Elnur Rixter, Şimali Kiprdən Rəşad Bədirli, Sankt-Peterburqdan Zakir Nəbizadə, Azərbaycanlı Gənclərin Beynəlxalq Alyansının icraçı rəhbər Zülfiqar İsmayılov, Kasyeridən Ləman Süleymanlı, İtaliyadan Məryəm Mehdiyeva, İndoneziyadan Elmar İsgəndərov, Polşadan Nail Əhməd, Latviyadan Azər Abbasov, Almaniya Dağ Yəhudiləri İcması Orxan Şafadiyev, Dünya Azərbaycanlıları Konqresi Türkiyə Gənclər nümayəndəliyinin rəhbəri Ertuğrul Cahandar, Estoniyadan Tural Şirinov, Aktaudan Firuzə Nəsibova, Qırğızıstandan Ehtiram Zakiroğlunun adından ünvanlanıb.