Bu gün mətbuatda həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə ittiham aktında olan agentura şəbəkəsinin üzvlərinin bəzilərinin kod adları açıqlanıb.
Onların arasında kod adı agent "Əlizadə, hüquq müdafiəçisi, baş redaktor, siyasi fəal və keçmiş nazir var.
MTN-nin sabiq şefi Eldar Mahmudovun agentura şəbəkəsindəki bu kod adların açıqlanması müzakirələrə səbəb olub. Əsasən də sosial şəbəkələrdə həmin şəxslərin kimliyi barəsində versiyalar səslənir, iddialar irəli sürülür. Bu iddiaların bəzilərində keçmiş nazir kimi sabiq maliyyə naziri Fikrət Yusifovun adı keçir. Bəzi Feysbuk istifadəçiləri eks-nazir kimi F.Yusifovu nəzərdə tuturlar. İstintaq materiallarında qeyd olunub ki, keçmiş nazirə ötürdüyü məlumatlara görə, MTN tərəfindən 90 min manat pul ödənilib.
Unikal.org xəbər verir ki, bu ittihamlarla bağlı BakiPost.az-a qısa açıqlama verən keçmiş maliyyə naziri deyilənləri cəfəngiyat adlandırıb.
F.Yusifov MTN işi üzrə dindirilib-dindirilmədiyi barədə sualını belə cavablandırıb: "Kim nə yazırsa yazsın, hamısı boş söhbətlərdir. Mənim MTN işi ilə nə əlaqəm var? Siz özünüz fikirləşin ki, mənim MTN-dəki hadisələrə nə aidiyyatım var? Qoy yazsınlar, boş-boş söhbətlərdir.
Digər agentin isə qəzet baş redaktoru olduğu qeyd edilib. APA-nın məlumatına görə, cinayət işinin aktında MTN agenti olan qəzet baş redaktorunun Taleh Bağırovla bağlı məlumatları nazirliyə çatdırması qeyd edilib. "TT ləqəbli baş redaktorla 30 yanvar 2014-cü ildə etibarlı münasibətlər yaradılıb.
Həmin baş redaktor Taleh Bağırovun "Müsəlman Birliyi Hərəkatı" adlı qurum yaratmaq istəyi barədə məlumat verib, buna görə də MTN generalı Elçin Quliyevin 30.01.2014-cü il tarixli raportu ilə ona 10 min AZN birdəfəlik pul mükafatı verilib.