Son günlər ordumuzun təmas xəttində qazandığı uğurlardan ruhlanan Azərbaycan vətəndaşları, eləcə də Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Azərbaycan Respublikası Prezidentinin saytına müxtəlif səpkili məktublar ünvanlamaqda davam edir.
x x x
Cənab Prezident, Ali Baş Komandan.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində düşmənin törətdiyi təxribatlar biz gəncləri hiddətləndirir. Ordumuzun düşmənə verdiyi layiqli cavabdan qürur duyuruq. Şəxsən mən də o döyüşlərdə iştirak etmək istəyirəm. İdmançıyam, gücümə, iradəmə əminəm.
Cənab Ali Baş Komandan, düşməndən qisas almaq üçün əmrinizi gözləyirik. Biz Sizə güvənirik, biz daim Sizin ətrafınızda sıx birləşmişik.
Hörmətlə,
Əhmədzadə Ağaxəlil Natiq oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.
x x x
Hörmətli cənab Prezident.
Siz Azərbaycanın gələcəyi olan uşaqların yaxşı təhsil almaları, asudə vaxtlarının səmərəli təşkili üçün daim çalışır, hər bir şərait yaradırsınız. "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində məktəblilərin Azərbaycanın qədim torpaqlarına, dilbər guşələrinə ekskursiyaları təhsil işçiləri, valideynlər, məktəblilər tərəfindən çox müsbət qarşılanır və bəyənilir.
"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Pirallahı məktəbliləri Azərbaycanın qədim yaşayış məskəni olan Naxçıvan Muxtar Respublikasında oldular. Naxçıvanın gəzməli-görməli yerlərini, ali və orta məktəblərini ziyarət etdilər, tarixi abidələri və tarixi şəxsiyyətlərin ev muzeyləri ilə yaxından tanış oldular. Bütün bunlar məktəblilərdə xoş təəssürat yaratdı. Bu layihə biz məktəblilərin Naxçıvan Muxtar Respublikası haqqında məlumatlarımızı daha da genişləndirdi.
Biz inanırıq ki, ulu öndərimiz Heydər Əliyev siyasətinin təntənəsi olaraq doğma Qarabağımız işğaldan azad ediləcək, "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Pirallahı məktəbliləri Qarabağa gedəcək, Azərbaycanın cənnət guşəsi ilə yaxından tanış olacaq və üçrəngli bayrağımızı Cıdır düzündə dalğalandıracaqlar.
Hörmətlə,
Mustafayev Kamran Emil oğlu, şagird.
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.
x x x
Azərbaycan Respublikasinin Prezidenti, Silahli Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev.
Biz keçmiş Ağcabədi döyüşçülər cəbhə bölgəsində gedən son döyuşlərdən narahat olduğumuzu Sizə bildirməklə bərabər qeyd edirik ki, hər an keçmiş döyüşçülər Sizin əmrinizlə müharibəyə könüllü olaraq getməyə, Azərbaycan Respublikasinin ərazi bütövlüyünün bərpa olunmasına, Qarabağ torpaqlarının azad edilməsinə hazır olduğumuzu bəyan edirik. Sizdən xahiş edirik, bizim könüllü olaraq cəbhə bölgəsində yerləşdirilməyimizə kömək göstərəsiniz.
Dərin hörmətlə,
Cəfərov Tofiq Astan oğlu, ehtiyatda olan zabit, keçmiş əlahiddə kəşfiyyat rotasının komandiri.
Azərbaycan Respublikası, Ağcabədi rayonu.
x x x
Cənab Ali Baş Komandan.
Bilirəm ki, hazırda səfərbərlik elan olunmayıb. Lakin Sizdən çox xahiş edirəm ki, məni cəbhəyə yollayın. Keçmiş Sovet ordusunda xidmət etmişəm. Birinci Qarabağ müharibəsində olmuşam. Bütün yüngül atıcı silahlarla davrana bilirəm. Fiziki cəhətdən sağlamam. Döyüş taktikasına bələdəm. Təcrübəm az deyil. Bir daha xahiş edirəm ki, məni cəbhəyə göndərəsiniz.
Hörmətlə,
Əliyev İlqar Mikayıl oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.
x x x
Hörmətli cənab Prezident.
Son günlər Ermənistan silahlı qüvvələrinin cəbhəboyu ərazilərdə atəşkəsi pozması nəticəsində Ordumuzun düşməni cavab atəşi ilə susdurması və eləcə də işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliyi ələ keçirməsi biz gəncləri daha da ruhlandırdı. Bütün bunlar Sizin apardığınız uğurlu siyasətin məntiqi nəticəsidir.
Cənab Prezident, Nəsimi rayonunun çoxminli gəncləri adından bu möhtəşəm qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Bildiririk ki, biz Nəsimi rayon gəncləri hər zaman Sizinləyik, Sizi dəstəkləyirik və hər an işğal altında olan torpaqlarımızın azad olunmasına və Vətənimizi - müstəqil Azərbaycanımızı göz bəbəyimiz kimi qorumağa hazırıq və bu yolda hər an canımızı fəda etmək üçün əmrinizi gözləyirik.
Hörmətlə,
Abdullayev Elbrus Dilənçi oğlu, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi.
x x x
Hörmətli Prezident, Cənab Ali Baş Komandan.
Hazırda cəbhə xəttində gedən döyüşlər və Ordumuzun irəliləməsi mənə qürur verir. Lakin həm Azərbaycan vətəndaşı, həm də Kəlbəcərdə doğulmuş və yurd həsrəti ilə yaşayan bir gənc kimi hadisələri kənardan izləmək mənə çətindir. Kəlbəcər gənci olaraq torpaqlarımızın azadlığı uğrunda döyüşmək bizə şərəf verər. Bildirmək istəyirəm ki, əgər səfərbərlik elan olunarsa, Vətən uğrunda döyüşməyə hazıram.
Cənab Ali Baş Komandan, Sizin səfərbərlik barədə əmrinizi səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Mehdiyev Tural Tahir oğlu.
Azərbaycan Respublikası, Kəlbəcər rayonu.
Azərbaycan Respublikası, Bakı şəhəri.