Beynəlxalq Mətbuat Mərkəzində "Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərinin açıqlanıb. 

Unikal.org Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtlərini təqdim edir:

"Kütləvi informasiya vasitələrinin əməkdaşlarına mənzillərin verilməsi qaydaları və şərtləri

(Komissiyanın 16 may 2017-ci il tarixli iclasında təsdiq olunmuşdur)

Ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) Komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürür.

Televiziya və radio yayımçıları 10, gündəlik qəzetlər və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd müəyyənləşdirə bilərlər.

Namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-lərdə isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir.

KİV-lər:

- ümumi iclas çağırmalı;
- Komissiyanın şərtlərinə uyğun namizəd(lər)ini müəyyənləşdirməli;
- Komissiyaya təqdimat verməlidirlər (möhürlü və imzalı).

KİV-lərin təqdimatına:

- namizədin şəxsiyyət vəsiqəsinin surəti;
- namizədin əmək kitabçasının surəti (KİV rəhbəri tərəfindən təsdiq olunmuş formada);
- namizədin ailə tərkibi haqqında arayış;
- namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı);
- Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin, onun həyat yoldaşının və övladlarının adına mənzil şəraiti ilə bağlı arayışın əsli;
- namizədin tərcümeyi-halı (hazırda yaşadığı ünvan və əlaqə telefonları əlavə olunmalıdır).
Təqdimatlarda namizədin mənzil-məişət şəraitinin yaxşılaşdırılması kriteriyalarına uyğun gəldiyi əsaslandırılmalıdır (jurnalistikanın inkişafında xidmətləri, peşəkarlığı, cəmiyyət tərəfindən tanınması və mənzilə ehtiyac kimi meyarlara üstünlük veriləcəkdir).

Dövlət orqanlarının mətbuat xidmətlərinin əməkdaşları barədə Komissiyaya müvafiq şərtlərə və qaydalara uyğun təqdimatlar verilə bilər.

Azərbaycanda jurnalistikanın inkişafında xidmətləri olan veteran jurnalistlər müvafiq şərtlərə və qaydalara uyğun Komissiyaya fərdi qaydada müraciət edə bilərlər.

Adları Mətbuat Şurasının "qara siyahısına daxil edilmiş, barələrində məhkəmə qərarı olan və qanunvericiliyin tələblərini pozduqlarına görə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən xəbərdarlıq almış KİV-lər təqdimat verə bilməzlər.

Göstərilən sənədlər 2017-ci il may ayının 22-dən iyun ayının 22-dək Komissiyaya təqdim edilməlidir.
Komissiya toplanmış sənədləri iyunun 30-dək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etməlidir.

Qeyd: Sənədlər iş günləri saat 10:00-dan 17:00-dək (nahar fasiləsi 13.00-dan 14.00-dək) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində qəbul olunur (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat Prospekti, 529-cu məhəllə (AZ 1073), Beynəlxalq Mətbuat Evi, 3-cü mərtəbə. Əlaqə telefonları: (012) 537 19 41, (012) 538 40 48).