Yay fəslinin gəlməsini əksər insanlar az qala "iplə çəkirlər. Bu fəsil sağlam, firavan insanlar üçün istirahət, səyahət, dəniz, qum, sevgi və s. deməkdir. Sağlam və firavan sözünü qabartmaqla, sadəcə onu əlavə edək ki, bu ikisi olmasa nə istirahət, nə də sevgi insana sevinc yaşada bilər.
Unikal.org xəbər verir ki, bununla bərabər yaydan qorxanlar da az deyil: bu insanlar cismani olaraq sağlamdırlar. Digər fəsillərdə firavan, xoşbəxt həyat tərzinə də "toz qondurmazlar. Amma yay fəsli gələndə belələri depressiyadan çıxmır. Bu fobiyanı yayda yaranan həddən artıq istilərlə (bəzi insanların təzyiq və ürək-damar problemi ilə əlaqədar dözümü olmur), günvurma ilə, yanıq almaq qorxusu ilə, tozanaq dərdi ilə qarışdırmayın. Bunlar sadəcə yayın problemidir, qorxusu deyil.
Yay fobiyası yaşayanlar isə daha təhlükəli ruhi gərginlik keçirirlər. Ekspertlər hesab edirlər ki, yay intiharlarının səbəbi elə bu ola bilər. Bunun necə baş verdiyini ingilis yazıçısı Qabriel Mossun dilindən izah edək: "Yayın gəlişi ilə mənim malikanəmin ətrafı böyük barbekyu (kabab) meydançasına çevrilir. Sanki hər kəs piknik etmək üçün mənim evimin ətrafını seçir. Hələ səs-səsə verən uşaqlar. Onlar heç evlərinə getmirmi? Bir tərəfdən də quşların, böcəklərin civiltisi... Bütün səs növləri bir-birinə qarışıb. Yayda ən yaxşı çıxış yolu, heç kəsin olmadığı, hətta quşların uçub gələ bilmədiyi, heyvanların ayaq açmadığı dağ zirvələrində yaşamaqdır. Amma işimlə, ailəmlə əlaqədar şəhərdə qalmaq, insanlarla sosiallaşmaq məcburiyyətindəyəm. Kaş yenidən qış gələydi və insanlar öz evlərinə girəydilər.
Məlumat üçün bildirək ki, Qabriel Moss tanınmış yazıçıdır, kitabları Britaniyada ən çox satılanlar arasındadır, sosial şəbəkələrdə də çoxsaylı izləyiciləri var. Üstəlik ailəlidir, uşaqları var. Yəni əksər psixoloqların iddia etdiyi kimi bu, heç də tənhalıqdan qaynaqlanan fobiya deyil. Sadəcə bəzi insanlar yayda daha çox sosiallaşmadan, üç mövsüm adət etdiyi səssizlikdən səs-küyə keçidi qəbul edə bilmirlər. Bu da zəif əsəb sistemi olan insanlara pis təsir edir.
Qeyd edək ki, yay mövsümündə insanlara, kütləyə qarşı nifrət yaranması əslində çox insanlarda rastlanır. Bunun ağır forması yay depressiyasıdır. Yüngül halda olanda da laqeyd yanaşılmamalı, mütəxəssisə müraciət olunmalıdır.publika.az