Rayon polisi vətəndaşlara külli miqdarda «pul atan» müxalifətçi «dələduz»u niyə müdafiə edir?

Zərdab rayon Əlvən kənd sakini Əzimzadə Fariz Akif oğlu redaksiyamıza müraciət edərək Zardab rayon polis şöbəsindən şikayət edib.

Unikal.org-a müraciət edən Fariz Əzimzadə qeyd edir ki, yerli polis dələduzluq yolu ilə vətəndaşlardan külli miqdarda pul alaraq qaytarmayan şəxslə bağlı tədbir görmək istəmir: «Öncə onu qeyd edim ki, mən, dayım Abdullayev Vahid Əlisaab oğlu 02.09.2014-cü ildə İsgəndərli Orxan Yaşar oğlu və onun atası İsgəndərli Yaşar Talıbxan oğlu ilə üç aylıq müqavilə bağladıq. Müqaviləyə əsasən 30 min manatı Orxan İsgəndərliyə verdik. Müqavilə müddəti başa çatdıqdan sonra Orxan İsgəndərli pulu qaytarmayıb. Yalnız 01.12.2014 tarixində borcun 6500 manatını qaytardı, lakin xeyli müddət keçsə də, 23500 manatı qaytarmaq istəmir. Onu da nəzərə çatdırım ki, Orxan İsgəndərli Nəriman Əzizov adlı şəxsdən də 10500 manat alıb, onu da qaytarmayıb. Yəni, üç nəfərdən dələduzluqla pu alıb qaytarmayan biri ilə bağlı hansısa addımlar atmaq istəmirlər.

F.Əzimzadə onu da qeyd edim ki, məsələylə bağlı Zərdab rayon polis şöbəsinə dəfələrlə müraciət etsələr də, İsgəndərli Orxanla bağlı hər hansı bir cinayət işi açılmır: «Birinci dəfə məsələyə Zərdab rayon polis şöbəsinin xidmət üzrə rəis müavini Bilal Nuriyev baxdı, amma heç bir nəticə olmadı. Sonra işi başqasına verdilər. Rəis köməkçisi Nadir Teymurov işə baxdı, amma onun da fəaliyyəti qənaətbəxş olmadı. Artıq neçə müddətdir ki, müraciət etməyimizə baxmayaraq, üç adamın pulunu alan və sonra qaytarmayan şəxsə gözün üstə qaşın var deyən yoxdur. Bununla bağlı polis rəisi Məmməd Hüseynovun qəbulunda olduq. O da qəribə bəhanə gətirdi. Bildirdi ki, İsgəndərlilər ailəsi müxalifətçi olduğu üçün onun barəsində cinayət işi açmaq istəmirlər, çünki bu, onlara əlavə problem yarada bilər. Guya dələduzluğa görə cinayət işi açılsa, onlar Avropa Şurasından tutmuş digər beynəlxalq təşkilatlara müraiət edəcəklər və bu da başağrısı olacaq. Düzü, bu yanaşmanı anlamırıq. Bu səbəbdən də Daxili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova müraciət etməyi qərarlaşdırdım».

Elvin