Kriminal aləmdə qruplaşmalar arasında yeni münaqişə yetişir.

Unikal.org publika.az-a istinadən bildirir ki,münaqişənin dəyirman daşlarına bu dəfə ötən il avqustun 18-də İstanbulda öldürülən krininal avtoritet Rövşən Canıyevin (Rövşən Lənkəranski) ən yaxın silahdaşlarından biri olan "qanuni oğru" Hacı Beyləqanski kimi tanınan Hacıbaba Talıbxanlı düşüb.
Lənkəranskinin qətlində şübhəli bilinən beyləqanlı qətldən bir gün sonra saxlanılmışdı. Lakin günahını sübuta yetirəcək dəlillər olmadığı üçün azad edilən Talıbxanlı hazırda Türkiyədə yaşayır.
Agentliyin yazdığına görə, cinayətkar qrupların ümumi Avropa kassasının nəzarətçisi, Şeyx Həmzət kimi tanınan 42 yaşlı çeçen "qanuni oğru" Həmzət Qastəmirov bu günlərdə Beyləqanskini cavab verməyə çağırıb. Qastəmirovun özü Almaniyada yaşayır və öz kriminal tituluna baxmayaraq, qanunlarla heç bir problemi yoxdur. O, hüquq-mühafizə strukturları tərəfindən heç bir təhlükə gözləmədən sərbəst şəkildə hərəkət edə və istədiyi yerə gedə bilir.

Talıbxanlının izahat üçün çağırılmasına gəlincə, o, Şeyx Həmzətin "qardaş" adlandırdığı Rövşən Canıyevin düşmənləri ilə çoxdan əlaqə saxlamaqda şübhəli bilinir. Şeyx Həmzət 71 yaşlı "qanuni oğru" Ceceya Valikonun (Valter) iştirakı ilə Beyləqanskiylə telefonla danışaraq, Lənkəranskinin onun yanında öldürüldüyünü, amma onun bir yerinin belə cızılmadığının necə olduğu ilə bağlı izahat tələb edib.
Şeyx Həmzət Hacını ittiham edib ki, o dostunun xatirəsinə xəyanət edib və "qanuni oğru"lar Namiq və Nadir Səlifov qardaşlarının tərəfinə keçib. Qeyd edək ki, Nadir Səlifov (Lotu Quli) hazırda Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkir.
Rusiya KİV-inin başqa mənbələri Qastəmirovun şübhələrini təsdiq edib. Onların məlumatlarına görə, Beyləqanski yaxın vaxtlarda Qulinin adamlarına qatılıb. Mənbələr qeyd edir ki, Namiq Səlifov Hacıya zirehli avtomobil verib, onun üçün Türkiyədə mənzil kirayələyib və 30 min dollar qiyməti olan saat bağışlayıb. Bütün bunları isə elə edib ki, hamı bilsin.
Şeyx Həmzət Hacı ilə telefon söhbətində öz iddialarını səsləndirdikdən sonra, ona özünü "qanuni oğru" adlandırmağı qadağan edib. Ancaq Beyləqanski bildirib ki, Qastəmirovun sözü onun üçün qanun deyil. Bu xoşagəlməz söhbətdə Valter Qastəmirovu dəstəkləyib. Məlumdur ki, Valter uzun müddətdir ki, Berlində Qastəmirovun qonağıdır.
"Sputnik" agentliyi hər iki tərəfin yaxın ətrafına çıxmağı bacarıb. Hacı Beyləqanskiyə yaxın mənbə bildirib ki, onun haqqında yazılanlar yalandır.
"Beyləqanski Qulinin tərəfinə keçməyib. Kriminal dünyanı Namiqin etdiyi hədiyyə avtomobil yanlış fikrə yönəldib", - mənbə deyib.
Mənbənin sözlərinə görə, zirehli "Mercedes"i Beyləqanskiyə Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev hədiyyə edib:
"Bu maşın Rövşən Lənkəranskiyə məxsus olub və mərhum qısa müddət ərzində onu istifadə edib. Lakin naməlum səbəblərdən qətl gecəsi digər avtomobilə oturub və killerlərin hücumuna məruz qalıb. Otuz minlik saatın hədiyyə olunması barədə məlumat da doğru deyil".