Ermənilər bu gün də təmas xəttində yerləşən yaşayış məntəqələrimizi atəşə tutub. Saat 12:00-da Müdafiə Nazirliyi tərəflər arasında qarşılıqlı olaraq razılıq əldə edildiyini və əməliyyatların dayandırıldığını açıqlayıb. Lakin bu vaxtadək ermənilər Ağdamın təmas xəttində olan olan kəndlərini atəşə tutmaqda davam edib. Hazırda cəbhə bölgəsində ara-sıra atəş səsləri də eşidilir.

Unikal.org xəbər verir ki, "Yeni Müsavat" qəzetinin Ağdama ezam olunmuş əməkdaşları bu gün ermənilərin atəşinə məruz qalan evlərdə və ərazilərdə olub.

Səhər saat 9 radələrində 11:30 radələrinədək düşmən, əsasən, Ağdamın Çəmənli, Zəngişalı kəndlərini atəşə tutub. Nəticədə evlərə, mal-qaraya ciddi ziyan dəyib. Xoşbəxtlikdən insan tələfatı olmayıb. Mərmilərin düşdüyü evlər tamamilə yarasız vəziyyətdədir. 

Gün ərzində ən çox mərmi Çəmənli kəndinə düşüb. Onlardan biri də səhər saat 10 radələrində kənd sakini Nərminə Soltanovanın yaşadığı evin həyətinə düşüb. Soltanovlar ailəsi və qonşuları bu zaman evlərində yox, küçədə olublar. Kənd sakinlərindən təxminən 150 metr məsafəyə düşən mərmilər evlərə ziyan vurub.

Nərminə Soltanova deyir ki, evlərdə olmadıqları üçün onlardan heç biri xəsarət almayıb. Lakin həyətdə olan qoyunlar və at mərmilərin qəlpəsindən ciddi xəsarət alıb. Bir neçə heyvan məhv olub. Evlərin tavanı, pəncərələr dağılıb. Həyətdə olan ağaclar da qırılıb. 

"Dünən də kəndə atırdılar. Bir-iki evə də ziyan dəymişdi. Bu gün də səhərdən atmağa başladılar. Qonşularla həyətdə yığışmışdıq. Sonra bizim əsgərlərimizin cavab atəşindən sonra susdular. Hamımız kənddəyik. Əsgərlərimiz bizi qorumaq üçün səngərdədir. Biz buranı qoyub hara gedə bilərik?",  - deyən N.Soltanova döyüşlər başa çatana qədər evlərini tərk etməyəcəklərini deyir.

Həsən Məmmədovun evi də atılan atəşlər nəticəsində zərər görüb. Sahədə olan mal-qaraya isə ziyan dəyib. 

"Evin şüşələri, içəridə olan mebellər dağılıb. Mərmi bizim həyətin yanına düşüb. Qəlpələr 50-60 metr məsafəyə yayılıb. Bu məsafədən belə evləri dağıda bilir. Yaxşı ki, həmin vaxt evdə olmamışıq. Səhərdən evdən çıxmışdıq. Mal-heyvanı çölə çıxarmışdıq. Elə bu döyüşlər başlayandan olduğu kimi indi də evdəyik. Uşaqları qohumların evinə göndərmişik, ancaq özümüz torpağımızda, yurdumuzdayıq. Əvvəl necə, indi də elə həyatımızı yaşayırıq", - deyən H.Məmmədov mülkünə və həyətyanı sahəsinə dəyən zərəri göstərir.

Kəndin bütün evlərində ən azı bir nəfər də olsa, kənd sakini görmək mümkündür. Uşaqlar və qadınlar evlərdən çıxarılsa da, kişilər kəndlərdədir. 

Kənd sakini Qurbanov Qaməddin hava qaraldıqdan sonra bir yerə toplaşdıqlarını və gecə saatlarınadək kənd mərkəzində və girişlərdə oturduqlarını söyləyir: "Bəzən kəndə tanımadığımız insanlar gəlir. Bunlar arasında jurnalistlər olur, nə məqsədlə gəldiklərini bilmirik. Rusiyadan gələn jurnalistlərin nə əməl törətdiklərini gördük. Ona görə biz də kənd sakinləri olaraq dövlətimizə dəstək olmağa çalışırıq. Axşamlar da səhərlər də kənddə postdayıq. Heç kim, heç bir yerə getmir".

Səhər saatlarında atılan mərmilər Zəngişalı kəndində də mal-qara tələfatına səbəb olub, bəzi evlərə ziyan vurub. 

Kənd sakini Cavid Qurbanovun həyətyanı sahəsinə düşən mərmi ağacları qırıb, evin dam örtüyünü yararsız vəziyyətə salıb. 

Ağdam sakinləri bu gün Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq razılığın əldə olunduğundan, əməliyyatların dayandırıldığından xəbərdar olsalar da, düşmənin hər zaman olduğu kimi yenə də təxribata əl atacaqlarını deyirlər.

Çəmənli kənd sakini Qaməddin Qurbanov illər boyu atəşkəs dövründə dinc sakinləri hədəfə alan ermənilərindən bundan sonra da eyni addımı atacağını düşünür: "İllərdir bizim dinc sakinlərə, mal-heyvanımıza atəş açıblar. Əkin sahələrində çalışan insanları vurublar. Bunlar ermənidir. Heç vaxt onlara güvənmək olmaz. Bunlar əvvəl necə idisə, indi də elədir. Biz dövlətimizin, əsgərimizin yanındayıq. Sonunadək döyüşməyin tərəfdarıyıq".

Hazırda Ağdamın digər kəndlərinə də yollanan əməkdaşlarımızın verdiyi məlumata görə, təmas xəttində olan ərazilərdə təbii qazın və elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Axşam saatlarında elektrik stansiyasına dəyən mərmi Alıbəyli 2 qəsəbəsinə elektrik enerjisinin verilməsinə problem yaratsa da bu gün həmin problem aradan qaldırılıb.

Kəndlərdə Ağdam Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları da növbə çəkir. Kəndlərə giriş və çıxışlar polis əməkdaşlarının nəzarətindədir.