Azərbaycan prezidenti İlham Əliyev aprelin 6-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Unikal.org-un məlumatına görə, S. Şennak prezident İlham Əliyevi ABŞ-a uğurlu səfəri münasibətilə təbrik edib.
O, Azərbaycana həssas bir məqamda səfər etdiyini, cəbhə xəttindəki son hadisələrin çox narahatlıq doğurduğunu deyib.
Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı vəziyyətə toxunan dövlət başçısı münaqişə ilə əlaqədar irəliyə doğru addım atılması imkanı yaranan zaman Ermənistan tərəfindən bu cür təxribatların törədildiyini vurğulayıb.
ABŞ-a səfərinin uğurla keçdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu deyib.
Dövlət başçısı Azərbaycanla Avropa təşkilatları arasında əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edərək ölkəmizin bu əlaqələrin konstruktiv ruhda davam etdirilməsində maraqlı olduğunu bildirib, AŞPA prezidenti Pedro Aqramuntun və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin Azərbaycana səfərlərinin münasibətlərin inkişafına öz töhfəsini verdiyini deyib.
Görüşdə Azərbaycanla Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.