"Xocalıda həmin aerportu qurarkən düşəmənin başlıca məqsədi bu şəhəri erməniləşdirmək və buranı mühüm bir dayaq yerinə çevirmək olub.
Bu sözləri unikal.org-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Zahid Oruc deyib. Onun fikrincə, düşmən ölkənin 2010-cu ildən Xocalı hava limanını açmaq barədə xəyallarını Azərbaycan tərəfi puç etdi:
"Ermənilərin aparıcı iş adamları həmin prosesə cəlb edilmişdi. O vaxt Azərbaycan tərəfi çox kəskin etirazlarını bildirdi. Hava məkanının pozulması ilə bağlı Çikaqo Konvensiyasına uyğun olaraq beynəlxalq təşkilatlara öz mövqeyimizi çatdırdıq. Proses yalnız ondan sonrakı dövrdə dayanmış oldu. Erməni tərəfi də bildi ki, Azərbaycan hər an onların təyyarələrini vura bilər. Aprel döyüşlərindən sonra da erməni dövlət başçısı aşağı xətt boyunca vertalyot vasitəsi ilə cəbhə bölgəsinə gəldi. Yəni, Sarkisyan da təyyarədən istifadə etmədi. Məsələnin indi yenidən gündəmə gətirilməsi ardıcıl həyata keçirilən dövlət planıdır. Yəni, düşmən Xocalı hava limanından guya turizm səyahətləri adı altında işini asanlaşdırmaq istəyir. Bir neçə il bundan əvvəl Azərbaycan cəbhədə qanunsuz uçuş həyata keçirən düşmən vertalyotunu vurdu. Ermənistanın törətdiyi təxribata görə, beynəlxalq təşkilatlar bizi qınamağa başladılar. Ölkəmiz tərəfindən də açıqlama verilmişdi ki, Azərbaycan özünün hava məkanına icazəsiz daxil olan istənilən qurğulara atəş aça bilər və bu təhlükəsizlik tədbiridir.
Z.Oruc vurğulayıb ki, indi də Qarabağda ekstrim, macəra axtaran insanların vasitəsilə düşmən ölkə təyyarələrin uçuşunu həyata keçirmək istəyir:
"Sonradan bu hava limanının başqa məqsədlər üçün istifadəsi istisna deyil. Bir sözlə, düşmən açıq-aşkar Azərbaycanı provakasiyaya çəkmək istəyir. Ermənistan müharibəni səngərlərdən hava məkanına qaldırmaq arzusundadır. Artıq hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupuna müraciət edib. Hesab edirəm ki, Sarkisyan Azərbaycanı beynəlxalq məkanda təzyiqə məruz qoymaq üçün bu addımlara əl atır.
Millət vəkili hesab edir ki, Azərbaycan hər hansısa düşmən təyyarəsinin vurulması işini həyata keçirməməlidir:
"Əks halda düşmənnin bundan istifadə etmək şansı yaranacaq. Azərbaycan qırıcı təyyarələr vasitəsilə müəyyən məsafələr manevr etməklə düşmən təyyarələrini yerə endirilməsi xəbərdarlığını etməlidir. O cümlədən Azərbaycan atəş açsa belə, hədəfi vurmamalıdır. Sadəcə onlarda qorxu yaratmalıdır. Onlara göstərməlidir ki, bizim hava məkanımızı da işğal etmək sizə o qədər də asan olmayacaq. Azərbaycanın bu məsələyə ona görə ciddi reaksiya verir ki, Xocalı hava limanın işə salınması ilə düşmən ölkənin Qarabağ məkanına beynəlxalq məkandan dəhliz açması mümkünsüz olsun. Hesab edirəm ki, Azərbaycan tərəfinin kontur tədbirlər imkanları böyükdür. Bu yöndə məlumatlandırma, dünya informasiya vasitələri ilə işləmək lazımdır. Ən əsası Hava Qüvvələrimizə qeyd olunan istiqamətdə tapşırıqlar verilə bilər. Çıxış yolunu mən bunda görürəm. Bir daha söyləyirəm ki, düşmən təyyarələri hədəf olaraq vurularsa, nəticələri Sarkisyanın və çevrəsinin cızdığı plana uyğun addım atmaq demək olacaq.
Qeyd edək ki, son günlər Xocalı hava limanından guya turizm səyahətləri adı altında Ermənistan uçuşlar həyata keçirmək istəməsi ilə bağlı məlumatlar yayılmaqdadır. Məlumatlarda bildirilir ki, "Yell Extreme Park" layihəsi Dağlıq Qarabağ ərazisində iki yerlik təyyarələrdə turist uçuşlarına başlayıb. İddia olunur ki, ilk uçuşlar keçən həftədən Xankəndi və Şuşa arasında təşkil edilir. 20-25 dəqiqə çəkən uçuşlar üçün şirkətin 35 min dram, yəni 72,4 dollar tələb etdiyi vurğulanır. Ermənistan tərəfinin Şuşada aeroport açması və uçuşlar təşkil etməsi Azərbaycanda ciddi etirazla qarşılanıb. Azərbaycan XİN artıq bu barədə də məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərindəki hava məkanı Azərbaycanın suveren ərazisidir. Xocalı hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının xüsusi kodu ilə Azərbaycan Respublikasının mülkiyyəti kimi təsbit olunub. Azərbaycan Respublikası tərəfindən işğal olunmuş ərazilər üzərində hava məkanı uçuşlar üçün qadağan edilib. Belə ki, Azərbaycanın suveren hava məkanının bu hissəsində təhlükəsizliyi təmin etmək mümkün deyil. Azərbaycanın bu mövqeyi Beynəlxalq Mülki Aviasiya Təşkilatı və Mülki Aviasiya üzrə Avropa Konfransı tərəfindən dəstəklənir.