"Xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bu istiqamətdə bizim prinsipial mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Bu gün də belədir, sabah da belə olacaqdır".
Unikal.org xəbər verir ki, bu sözləri prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən qəbulda bildirib.
Onun sözlərinə görə, münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun ölkələrin ərazi bütövlüyü çərçivəsində, Helsinki Yekun Aktının qərarlarına uyğun şəkildə öz həllini tapmalıdır.
"Azərbaycan heç vaxt imkan verməyəcək ki, bizim tarixi torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın. Elə mövcud olan erməni dövləti bizim torpağımızda yaradılıbdır. Biz yaxşı bilirik ki, 1918-ci ildə İrəvan Ermənistana hədiyyə kimi verilmişdir. Ona görə, torpağımızda ikinci qondarma erməni dövlətinin yaradılması mümkün deyil. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmalıdır.
Beynəlxalq təşkilatların qərar və qətnamələri bizi qane edir. Bu, münaqişənin həlli üçün hüquqi əsasdır. Eyni zamanda, son müddət ərzində səslənən bəyanatlar və atılan addımlar da yüksək qiymətləndirilməlidir. Xüsusilə həm Minsk qrupuna həmsədrlik edən ölkələr, həm Avropa İttifaqı, digər qurumlar artıq birmənalı şəkildə deyirlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Düzdür, hələ ki, bu bəyanatlardan sonra heç bir addım atılmır. Gözləyirik ki, bu addım da atılacaq və işğalçıya təzyiq göstəriləcək. Onlara qarşı sanksiya tətbiq olunacaq və mütləq olmalıdır. Əgər Ermənistana bu işğalçı siyasətinə görə sanksiyalar tətbiq edilməsə, bu, ikili standartların növbəti əlaməti olacaqdır. Buna baxmayaraq, belə bəyanatların özü də hesab edirəm ki, müsbət addımdır.
Eyni zamanda, Dağlıq Qarabağda keçirilmiş qondarma "referenduma çox sərt reaksiya verildi, həm qonşu ölkələr tərəfindən, həm Minsk qrupundan, həm Avropa İttifaqından və digər ölkələrdən. Heç kim bu qondarma yığıncağı, bu biabırçılığı qəbul etmədi, əksinə bunu pislədi. Bir daha sübut etdilər və göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz torpağıdır, ölkəmizin ayrılmaz hissəsidir. Biz isə öz siyasətimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz tam əsaslıdır və biz bu siyasətdən bir millimetr də geri çəkilən deyilik.
Məcburi köçkünlərlə bağlı bizim siyasətimiz göz qabağındadır. Son illər ərzində 100-ə yaxın qəsəbə salınıb. Hazırda yeni qəsəbələr salınır. Eyni zamanda, biz Bakı, Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlər üçün də yeni binaların tikintisinə başlayırıq. Bu da çox geniş bir proqram olacaqdır. Bir neçə min ailə, məcburi köçkün yaxın gələcəkdə yeni, gözəl evlərə, mənzillərə köçürüləcək.
Ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir. Ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir.
Bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Keçən ilin aprel döyüşləri bunu göstərdi. Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq".