Rusiya Qarabağda erməni əsirliyində olan Rusiya vətəndaşı Dilqəm Əsgərovun məsələsinin həll yolunu tapmaq üçün imkanlar axtarır.

Unikal.org-un məlumatına görə, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin "Sputnik"-ə müsahibəsində deyib.

Səfir müsahibəsində blogger Lapşinin məsələsinə toxunub və səfirliyin bu işi nəzarətdə saxladığını bildirib: "Bu gün Lapşinlə bağlı məsələ hüquq müstəvisindədir. Onun təqsirləndirilən şəxs kimi hüquqları təmin olunur. Rusiya üçün ən başlıcası budur.

-Bəs Rusiya digər vətəndaşı, Qarabağda erməni əsirliyində olan Dilqəm Əsgərovun məsələsinə görə niyə bu cür narahat deyil? Öz vətəndaşlarına münasibətdə niyə ayrı-seçkiliyə yol verir?

Doroxin bu sualları cavablandırarkən deyib ki, qaydalara görə, əgər xaricdə Rusiya vətəndaşının başına bir iş gələrsə, o zaman səfirlik öz konsulluq əməkdaşını onunla görüşə göndərməli, sənədlərini yoxlamalı, əslində başına nə iş gəldiyini araşdırmalıdır. Bundan sonra sonrakı addımlar barədə qərar verilir.

"Başa düşürsünüz ki, biz Əsgərovla bağlı belə edə bilmərik, çünki adam Rusiyanın beynəlxalq hüququn subyekti kimi tanımadığı ərazidədir. Suallar isə çoxdur. Bunlar haqda XİN-in nümayəndəsi Artyom Kojin artıq bildirib. Təkrar edə bilərəm. Əsgərov oraya necə gedib çıxıb? Təmas xəttini necə keçib? Əslində onun başına nə iş gəlib? Nəyə görə silahlı olub? Biz situasiyanı tam dərk edə bilməmişik. Baxın, Əsgərovun Lapşindən fərqi budur. Ancaq bu o demək deyil ki, Rusiya Əsgərovdan üz döndərir.

Bizim təşəbbüsümüzlə məsələ Minsk Qrupu həmsədrlərinin gündəminə gətirilib. Mən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə təmasda bu barədə danışmışam. Situasiya qeyri-standart və qeyri-ordinardır. Və təkrar edirəm ki, biz həll yolunu tapmaq üçün imkanlar axtarırıq - Doroxin deyib.