Azərbaycan prezidenti İlham Əliyev Emiliya Beneşə Zbiqnev Bjezinskinin vəfatı ilə əlaqədar başsağlığı verib.

Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli xanım Beneş, Həyat yoldaşınız - görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Zbiqnev Bjezinskinin vəfatı xəbəri bizi olduqca kədərləndirdi. Zbiqnev Bjezinski uzun illərdən bəri davamlı və səmərəli fəaliyyəti, zəngin təcrübəsi və yüksək peşəkarlığı ilə beynəlxalq aləmdə böyük nüfuz qazanıb. O, dərin strateji araşdırmaları, hərtərəfli siyasi təhlilləri ilə dünyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olması, münaqişələrin və gərginlik ocaqlarının aradan qaldırılması, qlobal təhdidlərin qarşısının alınması işinə mühüm töhfələr verib.
Zbiqnev Bjezinski Azərbaycanın dostu idi. Ona Azərbaycanda hər zaman böyük rəğbət bəslənilib. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin inkişafında, dostluq əlaqələrimizin möhkəmlənməsində Zbiqnev Bjezinskinin əvəzsiz xidmətləri olub. Atam Prezident Heydər Əliyevlə aralarında mövcud olmuş səmimi dostluq münasibətlərini ailəmizdə həmişə yüksək tuturuq, ən xoş təəssüratlarla xatırlayırıq. Bu ağır anlarda dərdinizi bölüşür, Mehriban xanım ilə birlikdə Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı veririk.