Mayın 27-də Milli Aviasiya Akademiyası və ADA Universiteti 28 May - Respublika Günü münasibətilə birgə tədbir təşkil ediblər.
Unikal.org bildirir ki, Milli Aviasiya Akademiyasında keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.
Tədbiri açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, Respublika Günü Azərbaycan tarixinin ən önəmli səhifələrindən biridir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə müstəqil və demokratik respublika yaradılıb və bu tarixi nailiyyəti məhz Azərbaycan xalqı əldə edib.
Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. Arif Paşayev Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və mövcud olduğu 23 ay ərzində gördüyü mühüm işlərdən danışıb.
ADA Universitetinin rektoru, professor Hafiz Paşayev bildirib ki, 99 il əvvəl müsəlman Şərqində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb və biz bununla fəxr edirik. Biz Azərbaycan xalqının bu böyük nailiyyətini bütün dünyada fərəhlə təbliğ edirik.
Sonra ADA Universitetinin dəvəti ilə ABŞ-ın Luiziana ştatından ölkəmizə gələn, Luiziana Caz Ansamblının yaradıcısı, Con Hopkins Universitetinin professoru, ADA Universitetinin fəxri doktoru Frederik Starın ifasında konsert proqramı olub. Həmçinin yerli incəsənət ustalarının ifaları dinlənilib.
Sonda tələbələr Milli Aviasiya Akademiyasının və ADA Universitetinin himnlərini ifa ediblər.